Ramazan ayında sionistlərin Məscidül-Əqsaya qarşı təcavüzü artıb
Qüds müftisi mübarək Ramazan ayında sionist rejimin Məscidül-Əqsa və fələstinli ibadətçilərə qarşı təcavüzünün gücləndiyini açıqlayıb.
Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, işğal olunmuş Qüdsün müftisi Məhəmməd Hüseyn sionist rejimin Məscidül-Əqsa və islami müqəddəs yerlərə qarşı təcavüzünün hər gün təkrarlandığını və artdığını elan edib.
O, əlavə edib: Mübarək Ramazan ayının başlamasına baxmayaraq, bu hücumlar güclənib və beləliklə, Məscidül-Əqsaya daxil olmaq niyyətində olan fələstinli ibadətçilərə qarşı təhlükəsizlik tədbirləri daha da sərtləşib.
Hüseyn davam edib: Sionistlər müxtəlif bəhanələrlə, o cümlədən ibadət edənlərin yaşını bəhanə gətirmək və ya onların ardıcıl təftişi ilə fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına mane olurlar. Tel-Əviv Şərm Əş-Şeyx toplantısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
O deyib: Ərəb və İslam ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyət işğalçıların Məscidül-Əqsa və İbrahimi hərəminə qarşı hərəkətlərinin qarşısını almaq üçün hərəkətə keçməlidir.
Bir müddət əvvəl radikal yəhudi qrup və təşkilatları Ramazan ayının ilk günü Məscidül-Əqsaya hücum qərarını açıqlamışdı.
Eyni zamanda, Fələstin qurum və təşkilatları da işğalçı İsrail mühacirləri ilə qarşılaşmaq üçün fələstinliləri mümkün olduğu qədər Məscidül-Əqsaya getməyə və orada etikaf etməyə dəvət edib.