Ramazan ayının ilk cümə günü işğal altındakı Qüdsdə 3 min təhlükəsizlik qüvvəsi yerləşdirilib

Mübarək Ramazan ayının ilk cümə günü yaxınlaşdıqca İsrail polisi işğal altındakı Qüds şəhərinə 3000 hərbçi yerləşdirib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrail polisi işğal altındakı Qüds şəhərinin müxtəlif bölgələrində, xüsusən də Əl-Əqsa məscidi ətrafında 3 min təhlükəsizlik qüvvəsini yerləşdirib.
Mübarək Ramazan ayı başlayandan bəri fələstinli ibadətçilər Məscidül-Əqsaya girişdə məhdudiyyətlərlə üzləşib və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətində olub. Fələstinlilər bu məhdudiyyətləri İsrail rejiminin Şərqi Qüdsü, o cümlədən Əl-Əqsa məscidini yəhudiləşdirmək və onun ərəb və islami kimliyini silmək istiqamətində intensiv səylərinin bir hissəsi hesab edirlər.
Xatırladaq ki, fələstinlilər 1967-ci ildə şəhərin sionist rejimi tərəfindən işğalını və ya 1981-ci ildə ilhaqını tanımayan qanuni beynəlxalq qətnamələrə əsaslanaraq Şərqi Qüdsü istədikləri dövlətin paytaxtı hesab edirlər.
Əl-Əqsa məscidi sionist rejimin 1967-ci ildə işğal etdiyi və daha sonra ilhaq etdiyi Şərqi Qüdsdə yerləşir. Amma İordaniya İslam Vəqfləri İdarəsi status-kvo tənzimləmələri əsasında onun idarə edilməsinə cavabdehdir və işğalçı qüvvələr onun girişlərinə nəzarət edir.