Rus sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxarıla bilər

Rus sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxarıla bilər

Bu sözləri Publika.az-a açıqlamasında Politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlıları regionda cəmi 5 il müddətində yerləşdiriliblər və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış bəyanata əsasən sülhü təmin etməlidirlər.

“Lakin ötən 2 il ərzində sülhməramlıların fəaliyyəti ilə bağlı çoxsaylı nöqsanlar üzə çıxıb. Onlar özlərini regionda olan erməni əsilli şəxslərin himayədarı kimi aparırlar. Son vaxtlar beynəlxalq hüquqdan irəli gələn, sülhməramlılar üçün nəzərdə tutulan fəaliyyətdən kənar bir sıra addımlar müşahidə olunur. Onlar, birbaşa olaraq sülhməramlı mahiyyəti ilə uyğunluq təşkil etməyən bir sıra sosial və kommunal problemlərin həllində erməni əhalisinə yardım edirlər. Təbii ki, bütün bu baş verənlər Azərbaycan tərəfindən diqqətlə izlənilir”.

İ.Hüseynovun sözlərinə görə, sülhməramlıların komandanı Andrey Bokov tərəfindən təbii sərvətlərimizin talan olunması və müəyyən elementlərin qaçaqmalçılığı ilə bağlı iddialar mövcuddur: “ Xüsusilə erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın regiona yerləşməsindən sonra bu fəaliyyət daha geniş şəkildə hiss olunmaqdadır”,-deyə o, qeyd edib.

Politoloq hesab edir ki, sülhməramlıların bölgəni vaxtından əvvəl tərk etməsi üçün ermənilərin cəmiyyətimizə inteqrasiyası sürətlənməlidir. Biz onlarla münasibətləri normallaşdırmalı, kommunikasiyanı genişləndirməliyik.

İ.Hüseynov rus sülhməramlılarının azərbaycanlı jurnalistlərə qarşı növbəti qanunsuzluğundan da söz açıb. O bildirib ki, bu hadisə böyük narahatlıq doğurur:

“Jurnalistlərin əraziyə buraxılmamasında gətirdikləri əsas arqument bu oldu ki, media nümayəndələri sülhməramlıların komandanı A.Bokovu Azərbaycana mənfi formada təqdim edirlər. Təbii olaraq, əgər Qarabağ ərazisinə iranlı diversantlar, silah-sursat, muzdlular və ən son istehsal olunan minalar daşınırsa, münasibət də mənfi olmalıdır. Qeyd etmək lazımdır ki, 4-cü hakimiyyətin nümayəndələri öz peşə fəaliyyətlərini icra edərkən birmənalı şəkildə azaddırlar. Onlar bş verən bütün hadisələri işıqlandırmalıdırlar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − ten =