Rusiya Qazaxıstanla əlaqələrinə mənfi xarici təsirin olmayacağına ümid edir

Rusiya Qazaxıstanla mənfi xarici təsir olmadan bundan sonra da səmərəli işləməyə ümid edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astananın Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya rejiminə əməl etmək niyyəti ilə bağlı bəyanatlarını şərh edərkən bildirilib.
“Eyni zamanda, hesab edirik ki, Moskva ilə Astana arasında münasibətlərimizi strateji tərəfdaşlıq və müttəfiqlik kimi müəyyən edən bütöv sazişlər mövcuddur. İkitərəfli əlaqələrin bu cür xarakterinə siyasət və təhlükəsizlik sahələrində konstruktiv qarşılıqlı fəaliyyət, ticarət, investisiya və bir çox sahələrdə əməkdaşlıq aiddir ”, – Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyaya səfəri çərçivəsində dünən Berlində bu ölkənin Kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək.
“Qazaxıstan Rusiyaya qarşı sanksiya rejiminə əməl edəcəyini birmənalı şəkildə bəyan edib. Müvafiq qurumlarla əlaqələrimiz davam edir. Mənə elə gəlir ki, Rusiyanın sanksiyalar rejimindən yayınması üçün Qazaxıstanın mümkün addımları ilə bağlı Almaniya tərəfinin heç bir narahatlığı olmamalıdır”, – Tokayev əlavə edib.
Apa.az