Rusiyanın oyun qaydaları: Onları yalnız Putin bilir – TƏHLİL

Rusiyanın oyun qaydaları: Onları yalnız Putin bilir – TƏHLİL

Ukrayna böhranının yaratdığı qlobal çəkişmə ətrafında sular durulmaq bilmir, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri tələbinə cavab versə də, bu cavaba reaksiyanın hərbi miqyasda olacağı da istisna deyil.

SSRİ-nin miras qoyduğu münaqişələr hazırda Kremlin əlində olan kartlardan biridir və “basdırılan minalar”ın hər an partladılması mümkündür.

Qərbin çəkindiyi bir məqam da budur, çünki SSRİ-nin mərmi iyi verən irsinin bir ucu Avropanın sərhədlərinə qədər gəlib çıxır, üstəgəl Qərbin maraqlarının çoxaldığı digər regionları da əhatə edir.

Metafora ilə yanaşsaq deyə bilərik ki, olduqca həssas zəminlərin üstündə elə addım atmaq lazımdır ki, iplər qırılmasın və dağıntıların altında başqaları qalmasın.

İndi Qərb də, Rusiya da amorf təbliğat tezisləri ilə bir-biri üzərində psixoloji üstünlük qazanmaq istəyir, ancaq bu həmlələr faydalı iş əmsalını artırmır.

Mövcud olan təhlükələr üzərindən qurulan yeni oyunların miqyasının hara qədər uzanacağı isə qeyri-müəyyəndir.

ABŞ dövlət katibi Entoni Blinkenin “Azadlıq” radiosunun Vaşinqton redaksiyasına verdiyi müsahibə də bu qeyri-müəyyənlik üzərində qurulub, belə ki, ABŞ-ın baş diplomatı Rusiyaya təqdim edilən cavab sənədinin effektiv olmadığını diplomatik incəliklə izah edir.

Cənab Blinken qeyd edir ki, Kremlin son oyunlarının nə olduğunu yalnız Rusiya Prezidenti Vladimir Putin bilir, bu o deməkdir ki, Qərb Moskvanın Avropanın təhlükəsizlik arxitekturasına dəqiq hansı meyarlarla yanaşdığını anlamır.

Rusiya öz hərbi-strateji üstünlüyünü (söhbət təkcə personal və silah sayından getmir) elə səmtlərə yönəldir ki, təsir rıçaqları qazanmaq üçün daha çox variant yaratsın.

ABŞ-ın timsalında Qərbin çəkindiyi amil onunla izah olunmalıdır ki, Rusiyanın Avropaya tuşlanan raketlərinin sayını bilmir, bəzilərinin isə xarakteristikası haqqında məlumatsızdır.

Düzdür, Rusiya zamanla öz silahlarını qorxu yaratma aktı kimi qələmə vermək üçün bleflərə əl atıb, amma hər halda regiona coğrafi yaxınlıq bəlli olan silahların atəş açılacağı təqdirdə hansı təhlükəli nəticələr doğuracağını proqnozlaşdırmaq belə qorxuludur.

Görünür ki, Qərb kəşfiyyatı əvvəlki illərdən fərqli olaraq Rusiyanın ən incə strateji planlarının əks olunduğu sənədlərə çıxış əldə edə bilmir, axı Moskva vaxtı ilə ona qarşı fəaliyyət göstərən agentləri amansız şəkildə cəzalandırıb.

Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti ona qarşı yönələn casus şəbəkəsini əhəmiyyətli dərəcədə neytrallaşdırıb.

Blinkenin açıqlaması blefdən çox real mənzərənin izahıdır, ancaq bu da var ki, Rusiya ilə NATO arasında hərbi toqquşma yaransa belə, bu, uzun çəksin.

Ona görə ki, Rusiyanın da çəkindiyi nöqtələr mövcuddur, Qərbin də əlində həm güclü ideoloji, həm də real silahlar var və onlar Rusiyanın Avropaya düşən hissəsinə atıla bilər.

Bu arada, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir, bu səfərin tarixi bəlli olmasa da, ümidləri artırır ki, ən azından Ukraynada müharibənin başlanması bir müddət təxirə salınacaq.

Qərb əlində olan bütün resursları, o cümlədən NATO üzvü olan Türkiyənin diplomatiyaya verə biləcəyi faydaları işə salır ki, Kreml həmlədən çəkindirsin. Hərçənd ki, Türkiyə Qərbin deyil, əsasən öz maraqlarını önə çəkərək Ukraynanı müdafiə edəcək.

NƏTİCƏ:

1. Rusiyanın tələbləri NATO-nun maraqlarına cavab vermir;

2. NATO-nun cavabı Moskvanı qane etmir;

3. Türkiyə indi hansı anda NATO-nun, hansı məqamda sırf öz resursları ilə müdaxilə imkanlarını nəzərdən keçirir;

4. Qərb Putinin Türkiyəyə səfərindən sonra Ankaradan yeni məlumatlar alacaq.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =