Şəhidlərin ruhuna: Şuşa sevdası
Sevincə şərik olmaq nağıl deyilmiş!
Ağlıma gəlməzdi ki, Şuşanın azad olmasına bu qədər sevinə bilərəm. Ümumiyyətlə, sevincə şərik olmaq hadisəsinə bir o qədər də inanmırdım. Düşünürdüm ki, insan nəzakət xatirinə özünü başqalarının sevincindən sevincək göstərir. Əslində el arasında deyildiyi kimi, can candan ayrıdır – nə qəmə, nə də sevincə şərik olmaq mümkündür!!
Cənab Prezident şəxsən bildirdi ki, Şuşa azad olunub, Azərbaycan xalqını təbrik etdi. Meydan hərəkatının adamı kimi görmədim özümü: əlim-ayağım əsdi, ürəyimin çırpıntısını eşitməyə başladım.
Rəhman və Rəhim Allahın adı ilə… Ya Rəsulum, yada sal ki, İbrahim dedi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” Allah-Taala buyurdu: “Yoxsa ölüləri diriltməyimə inanmırsan?” İbrahim dedi: “İnanıram, lakin ürəyim sakit olsun deyə soruşdum…”
Qurani-Kərim oxumaqla başa düşülər, amma yaşanmaz. “Bəqərə” surəsinin yuxarıdakı ayəsini çox oxumuşdum, amma yaşamamışdım. Şuşanın azad olması xəbəri bu ayəni yaşatdı mənə. Prezident elan edir ki, Şuşa azad olub, mən şəkdəyəm. Şeytana lənət, zülmə lənət, əzilməyə lənət – insanı şəkkak edir.
Şuşa 1992-də işğal edildi. İşğal edildi, yoxsa atıldı, bu başqa vaxtın söhbətidir. Şuşa getdi. Ağzından türkçülük daşanlar Çinə ərazi iddiası ilə çıxış edir, Şuşanın adını çəkmirdi. Və 27 il sonra Azərtacın instaqram səhifəsindən Prezidentin bəyanatı yayımlanır ki, Şuşa azad edilib. Bəli, Prezidentin sözünə inanmamaq yaxşı çıxmır. Amma mən inana bilmirdim, utana-utana da olsa, Şuşadan canlı yayım, bir video axtarırdım. Ürəyimdəki təlatüm nəinki sakitləşməmişdi, əksinə qat-qat güclənmişdi. Doğrudanmı, Şuşa azaddır? Ayaqlarının altında ölüm, Azərbaycan Əsgəri! Bəs deyirdilər biz filanıq, biz bəsməkanıq… Necə qalxdız azğın düşmənin 27 il boyu yerini rahatladığı o qalaya? Allah, əgər ömrüm qalıbsa, kəs ver bu zirvəni fəth edənlərə!
Mən Şuşalı deyiləm. Heç Azərbaycanda da deyiləm, 13 ildir mühacirətdəyəm. Oğlum da cəbhədə deyil, 3 ilə yaxındır həbsdədir. Və şərlənib tutulub! Xalqı hakimiyyətlə üzbəüz qoymaqda israrlı, xəyanətkar məmurların ucbatından hakimiyyətdən incik düşmüşük. Azərbaycanda vəzifəli şəxslər, nazirlər, icra baçıları arasında təmizləmə əməliyyatları sübuta yetirdi ki, aramızda nə qədər xəyanətkar var. Amma Şuşanın azadlığı çox şeyi unutdurdu. Oğlum Şamxal türmədən zəng vurub, Şuşadan danışırıq. Bilir Şuşa mənə nə qədər əzizdir. Deyim siz də bilin. Mən Şuşanın üzünü görməmişəm. Amma tələbəlik dövründə şuşalılarla 3 il bir evdə yaşamışam. Şuşalıların aşiqi olub Şuşanı sevmişəm. Şuşa sovqatlarının, Şuşanın kəklikotusunun ətri burnumdadır. Çətin ki, o illərdə Şuşadan kimsə Bakıya gələ, bizim evə baş çəkməyə. Şuşalılar başqa aləmdi. Əzizim Elçin, əzizim Mübariz! Bilmirəm hardasız, necəsiz. Bilirəm ki, özünüzdə deyilsiz, uçursuz. Mən də uçdum. Qardaş canı, sizdən az sevinmədim. On gün keçib, sevincim keçib getməyib.
Bakı inciməsin, Şuşa Azərbaycanın ürəyi imiş. Allah, bir də o günləri göstərmə. Bizə əsarət, işğal yaşadan günahlarımızı bağışla. Mən Sənə bir də inandım, Allahım! Haqq nazilərmiş, üzülməzmiş! Haqq sahibinə qayıdır, geci-tezi var!
Aran Eyvaz
Qum, 17 noyabr 2020