Sərhəddəki qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 13 nəfərə yüksəlib, 121 nəfər yaralanıb
Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 13 nəfərə çatıb, 121 nəfər yaralanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan-Tacikistan sərhədindəki hadisədə xəsarət alanların ümumi sayı 134 nəfərdir. Onlardan 13-ü ölümlə nəticələnib”, – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 25 yaralı xüsusi təyyarə ilə Botkendən Bişkekə aparılaraq Bişkek Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində, Milli Xəstəxanada və Milli Cərrahiyyə Mərkəzində xəstəxanaya yerləşdirilib.
İki nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan xarici işlər nazirləri aprelin 29-u yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.