Səudiyyə Ərəbistanında şiə fəal edam edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi çərşənbə axşamı (15 iyun) 2015-ci ildən bəri həbsxanada olan Səudiyyə Ərəbistanının Tarut şəhərindən olan Mustafa bin Haşim bin İsa Əl Dərviş adlı bir şiə gəncin edam olunduğu barədə açıqlama verib.
Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi (SPA) Daxili İşlər Nazirliyinin bu açıqlamasını yayaraq adı çəkilən səudiyyəli gəncin edamı ilə bağlı xəbəri elan edib. Həbs olunduğu andan ona qarşı 13 ittiham irəli sürülən Mustafa əl-Dərvişin ən yüngül ittihamı 2011-ci ildə Qətif etirazlarına qatılmasıdır.
Bundan əvvəl, Zahran şəhərində bir şirkətdə çalışan bu səudiyyəli gəncə Səudiyyə məhkəmə orqanları tərəfindən edam hökmünün verildiyi barədə xəbərlər yayılmışdı və etibarlı mənbələr, işgəncə və təzyiqlər altında ona qarşı yalan ittihamların uzun bir siyahısını imzalamaq məcburiyyətində qaldığını da bildirmişdilər. Bunlara misal olaraq “hakimiyyətə qarşı silahlı qiyam”, “soyğunçuluq”, “qanunsuz qruplaşma yaratma”, “təhlükəsizlik mərkəzlərinə və təhlükəsizlik patrullarına atəş açma” və “Qətifdə qiyama cəhd” kimi ittihamları qeyd etmək olar.