Səudiyyə Ərəbistanında attraksion faciəsi: 23 nəfər xəsarət alıb, 3 nəfərin vəziyyəti ağırdır – Video

Səudiyyə Ərəbistanının Tayıf şəhərində yerləşən “Green Mountain” (Yaşıl Dağ) əyləncə parkında baş verən faciə zamanı “360 dərəcə” adlı attraksionun dayaqlarından biri şounun gedişində qəfil çöküb. Hadisə nəticəsində qurğuda olan ziyarətçilərdən biri bir neçə metr uzaqlığa atılıb.
Yerli KİV-lərin yaydığı məlumata görə, ümumilikdə 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan əksəriyyəti orta ağır travmalarla xəstəxanaya yerləşdirilib. Üç nəfər isə hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.
Hadisənin dəqiq səbəbi hələlik araşdırılır. Rəsmi orqanlar attraksionun texniki vəziyyəti ilə bağlı təhqiqat başladıldığını bildiriblər. İctimaiyyət isə əyləncə parklarında təhlükəsizlik tədbirlərinə ciddi nəzarətin vacibliyini vurğulayır.