Səudiyyəli ruhaninin oğlu: “Atama işgəncə verildiyi üçün görmə və eşitmə qabiliyyətini itirib”
Eastnews.org-un verdiyi xəbərə görə, məşhur Səudiyyə ruhanisinin oğlu Səudiyyə həbsxanalarında işgəncə zamanı atasının fiziki xəsarətlərindən danışıb.
Salman əl-Avdanın oğlu Abdullah əl-Avda həbsxanadakı işgəncə səbəbiylə atasının görmə və eşitmə qabiliyyətini itirdiyini bildirib:
“Atamın 63 yaşı var və Səudiyyə həbsxanasında təzyiqlərə məruz qalıb. Bu təzyiqlər nəticəsində atam eşitmə və görmə qabiliyyətini itirib. Atam üç il yarım əvvəl həbs olunduğundan bəri təkadamlıq kameradadır”.
2017-ci ilin sentyabr ayında Səudiyyə hakimiyyət orqanları Salman əl-Əvda, Avad əl-Qarni və Əli əl-Omari də daxil olmaqla bir sıra tanınmış Səudiyyə ruhanilərini və fəallarını terrorizm və hökumətə qarşı çıxmaq ittihamı ilə həbs edib.
Salman əl-Avda ilə yanaşı, hazırda Səudiyyə həbsxanasında saxlanılan səudiyyəli qadın fəal Lejin əl-Hazlulun da fiziki işgəncələrə məruz qaldığı bildirilir.