Sabiq səfir Azərbaycan və İran münasibətlərindən danışdı

Sabiq səfir Azərbaycan və İran münasibətlərindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki keçmiş səfiri Möhsün Pakayin İran-Azərbaycan əlaqələri barədə müsahibə vermişdir.

Bu müsahibənin mətnini diqqətinizə çatdırırıq:

-Prezidentimizin və xarici işlər nazirimizin qonşularımızla əlaqələrin möhkəmlənməsinə təkidi Tehran-Bakı əlaqələrində müsbət inkişafın davam etməsi üçün yaxşı bir fürsət yaratdı. Bu, İranla Azərbaycan Respublikası arasındakı dostluq əlaqələrini daha da gücləndirə bilər.

Azərbaycan prezidenti cənab İlham Əliyev cənab Rəisini İran prezidenti seçilməsi münasibətilə təbrik edən qonşu dövlətlərin ilk liderlərindən biri oldu və Azərbaycan Milli Məclisinin sədrini andiçmə mərasimində iştirak etmək üçün İrana göndərdi. Cənab İlham Əliyev cənab Rəisiyə göndərdiyi təbrik mesajında iki ölkənin tarixi, mədəni və dini ortaqlıqlarına toxunaraq münasibətlərin səviyyəsini stratejik adlandıraraq demişdir: “Birgə komissiyaların fəaliyyəti və qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.” Həmçinin o, bu mesajda Azərbaycan Respublikasının tarixi və əbədi torpaqlarının azad edilməsinə və iki ölkə arasındakı sərhədlərin bərpasına toxunan demişdir: “Yeni vəziyyət bölgələrarası və regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdı”.

Cənab Höccətül-İslam Rəisi isə Əliyevə öz təşəkkür mesajında ​demişdir: “Hesab edirəm ki, Azərbaycan Respublikasının suverenliyinin işğal olunmuş ərazilərə qaytarılması və iki ölkənin ümumi sərhədlərinin bərpası ilə əlaqədar olaraq yaranan yeni imkanları fürsət bilərək, əməkdaşlığı möhkəmləndirmək, sabitliyi gücləndirmək üçün birgə çalışmaq lazımdır.”

Eləcə də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianı etimad səsi alması və vəzifəyə başlaması münasibətilə təbrik edən ilk nazirlərdən biri olmuşdur. Nazirlər arasında baş tutan telefon danışığında iki ölkə arasındakı əməkdaşlığın bütün ölçülərdə genişləndirilməsi və İranın azad edilmiş zonaların yenidən qurulmasında, eləcə də tranzit sahəsində əməkdaşlığının daha da genişlənməsi vurğulanmışdır. Cənab Əmir Abdullahian ölkəmizin azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu da vurğulamışdır.

İrandakı hökumət dəyişikliyi Azərbaycan Respublikasının mətbuatında və ictimai rəyində də müsbət reaksiyalarla qarşılandı. Kütləvi informasiya vasitələrinin məqalələrindən və azərbaycanlı mütəxəssislərin çıxışlarından belə başa düşmək olar ki, İrandakı yeni hökumətin xarici siyasət prioritetləri, xüsusən də iqtisadi sahədə qonşu ölkələrlə qarşılıqlı əlaqə qurma potensialının istifadəsi, bölgədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün əsaslı fəaliyyətlər onlar tərəfindən müsbət qarşılanmışdır.

Bununla yanaşı, bəzi trans-regional qüvvələr, etnosentristlər və onlara bağlı medialar son zamanlar iki ölkə arasındakı münasibətləri zəiflətmək məqsədi ilə iki xalq arasında anlaşılmazlıqlar yaratmağa çalışırlar. Təəssüflər olsun ki, bəzən sayı çox olmayan Azərbaycan Respublikasının bəzi mətbuat orqanları da bu oyuna düçar olur və bu əsassız xəbərləri yayaraq düşmən dəyirmanına su tökürlər.

İran hakimiyyəti tərəfindən dəfələrlə təkzib edilən Qarabağ bölgəsində İran yük maşınlarının olması məsələsi bu mediaların iki ölkə arasındakı münasibətləri zəiflətmək üçün istifadə etdiyi hiylələrindən biridir. Bu təkrarlanan xəbərlərin istinadlarının çoxu etibarı və xəbər dəyəri olmayan virtual məkanda yayılan şayələrdir. Başqa sözlə, qeyri-rəsmi və qeyri-hökumət mənbələrinə istinad etmək və iki ölkə arasındakı münasibətlərə qarşı təbliğat aparmaq, əsasən pədxahlar tərəfindən ortaya atılır. Bu isə heç də iki ölkə arasındakı əlaqələrin artmasının xeyrinə deyildir.

İran İslam Respublikasının Dağlıq Qarabağ məsələsindəki mövqeyi və xüsusən İnqilabın Ali Rəhbərinin bununla bağlı bəyanatları tamamilə prinsipial, beynəlxalq münasibətlərə uyğundur və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe heç bir zaman dəyişməzdir. Bu isə əlaqələrin inkişaf etdirilməsi yolunda İranın möhkəm iradəsinin göstəricidir.

Biz inanırıq ki, dost və qardaş hökumət olan Azərbaycan Respublikası ölkə mediasına nəzarəti artıracaq və strateji əlaqələrin hər hansı bir şəkildə pozulmaması üçün iki ölkə arasındakı dostluq əlaqələrini daha möhkəmləndirəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 18 =