Sabiq səfir İİR-nın Xarici İşlər nazirinin Azərbaycana səfərini şərh etdi

Sabiq səfir İİR-nın Xarici İşlər nazirinin Azərbaycana səfərini şərh etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Azərbaycandakı sabiq səfiri Möhsin Pakayin bu ölkənin xarici işlər naziri Cavad Zərifin Azərbaycana son səfəri ilə bağlı açıqlama verib: İran rəsmiləri ilə Azərbaycan və Ermənistan rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində xarici işlər nazirimiz Bakıya səfər edib. Onun növbəti səfəri isə İrəvan olacaqdır.

O, bu barədə deyib: “İkitərəfli münasibətlərdəki son inkişaflar, ən vacib regional və beynəlxalq mövzularda məsləhətləşmələr və fikir mübadiləsi bu səfərin əsas məqsədi elan edildi. İndiki halda Dr.Zərifin İranın Qafqazdakı iki qonşu ölkəsinə səfəri aşağıdakı cəhətlərə görə çox önəmlidir:

1. Moskvada atəşkəs razılaşması ilə nəticələnən Ermənistanla Azərbaycan Respublikası arasında baş  verən son müharibədən bir neçə ay keçməsinə baxmayaraq iki ölkə arasındakı ixtilaflar hələ də artmaqdadır. Ermənistan, Azərbaycan Respublikasını Zəngəzur bölgəsini öz ərazisinə birləşdirməyə çalışmaqda günahlandırır və iddia edir ki, Azərbaycan ordusu əslində coğrafi sərhədləri dəyişdirməyə və Ermənistanın ərazi bütövlüyünü pozmağa çalışır.

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan isə öz etirazlarını bəzi ölkələrə telefon danışığı ilə yanaşı məktubla da bildirdi və bu məsələni beynəlxalq təhlükəsizlik orqanı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qaldıracağı ilə hədələdi. ABŞ və Avropa Birliyi, Ermənistana üstü örtülü bir dəstək verərək, iki ölkəni bu ixtilafları danışıqlar yolu ilə həll etməyə çağırdılar. Rusiya da bəyan etdi ki, Moskva rəsmiləri həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə daim əlaqə saxlayır və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səylərini əsirgəməyəcəklər. Bu arada Azərbaycan respublikasının prezidenti İlham Əliyev isə Qazaxıstanlı həmkarı ilə telefon danışığında vəziyyətin Ermənistanın təsvir etdiyi kimi olmadığını və iki ölkənin sərhədlərin müəyyənləşdirilməsi barədə danışıqlar apardığını və sərhəddə hərbi toqquşmaların olmadığını söylədi.

Əliyevin sözlərinə görə, Ermənistan hökumətinin bu məsələni beynəlxalq arenaya çıxartmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti nəticəsizdir. İran İslam Respublikası son həftələrdə iki qonşu ölkənin sərhədlərində baş verən hadisələri həssaslıqla və dəqiqliklə izləyir. İran bu mübahisələrin sülh yolu ilə həll olunmasına kömək etməyə hazır olduğunu bildirdi. Eyni zamanda, İranın prinsipial mövqeyi qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləmək və rəsmi coğrafi sərhədlərin dəyişdirilməsinə qarşı çıxmaqdır. İran bu prinsipial mövqeyə əsaslanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi və bu ölkənin bölünməsinə qarşı çıxdı. Qafqazdakı müharibənin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir və Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atəşkəs razılaşması əldə edilmişdir. Ermənistanın sərhədlərinin dəyişdirilməsi və Zəngəzurun Azərbaycan Respublikasına birləşdirilməsi kimi digər məsələlərin ortaya qoyulması, əgər həqiqətdirsə bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək və problemləri dah da çətinləşdirəcəkdir. Azərbaycanda bəziləri Bakının son müharibədə əldə eydiyi üstünlüyü nəzərə alaraq və Türkiyənin maraqlarını təmin etmək üçün Ermənistanın Zəngəzur bölgəsini Azərbaycana birləşdirməsində maraqlı ola bilərlər. Bu dostlar bilməlidirlər ki, bu məsələnin qaldırılması Dağlıq Qarabağ münaqişəsinin həllini və Azərbaycana qaytarılmasını mütləq şəkildə təxirə salacaqdır.

2. Azərbaycan Respublikası döyüş meydanında və Moskva müqaviləsində öz maraqlarını təmin etməsi sayəsində hərbi və siyasi ölçülərdə üstünlüyə malikdir. Bu üstünlüyü möhkəmləndirmək üçün Dağlıq Qarabağ müharibəsində azad edilmiş yeddi bölgənin yenidən qurulmasını sürətləndirmək vacibdir. Azərbaycanın bu məsələyə yönəlməsi Dağlıq Qarabağın qonşu bölgələrindəki sabitliyi və təhlükəsizliyi gücləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam həllində də təsirli olacaqdır. İran İslam Respublikası da daxil olmaqla Azərbaycanın dost ölkələri, Azərbaycanın azad edilmiş bölgələrinin yenidən qurulmasında, iqtisadi əməkdaşlığın inkişafında və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsində ikitərəfli və ya çoxtərəfli rol oynaya bilər. Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi mütləq Ermənistan Respublikasının da xeyrinə olacaqdır.

3. Son aylarda, xüsusən də İranın Dağlıq Qarabağ müharibəsindəki qəti və ədalətli mövqeyindən sonra rəsmi Tehranla Bakı əlaqələrin inkişafı yoluna qədəm qoymuşlar. Qarşılıqlı nümayəndə heyətlərinin mübadiləsi və ortaq iqtisadi komissiyaların təşkili bu irəliləmənin əsas səbəbidir. Bu arada bəzi KİV-ləri, xüsusilə də sionist rejimi bəzi dezinformasiya xarakterli məlumatlar yayımlayaraq Tehran ilə Bakı arasındakı dostluq münasibətlərini pozmağa çalışdı. Hətta bəzi mənsəb sahibləri və media orqanları da bu oyuna girdi və münasibətlərin pozulmasında düşmənin dəyirmanına su tökdülər. İki ölkənin rəsmiləri, həmçinin rəsmi KİV-lər düşmənin media hiyləgərliklərini tanıyaraq bu planların qarşısını almaqda konstruktiv rol oynaya və doğru xəbərlər dərc edərək anlaşılmazlıqların qarşısını ala bilərlər. Həmçinin xarici işlər nazirimizin Bakı səfəri çərçivəsində bu prosesin düzgün istiqamətləndirilməsinin iki ölkənin gündəmində olması də məqsədəuyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =