Şahin Cəfərli: Azərbaycanda Türkiyə siyasəti haqqında çox səthi təsəvvürlər var

Şahin Cəfərli: Azərbaycanda Türkiyə siyasəti haqqında çox səthi təsəvvürlər var

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın bu yaxınlarda Çaldırdan savaşını türk, kürd və ərəblərin ortaq zəfəri adlandırmasına azərbaycanlı ekspertlər reaksiya verməkdə davam edirlər.

Politoloq Şahin Cəfərli bu barədə Facebookdakı məqalədə yazır: “Türkiyəni idarə edən zehniyyət haqqında Azərbaycanda inanılan və bir çoxu uydurulmuş hekayələr yavaş-yavaş boşa çıxır. İndi azərbaycanlılar öyrənirlər ki, əslində “Müsəlman qardaşlar”ın Türkiyə şöbəsi olan AKP dar məzhəbçi anlayışın təmsilçisidir və bu təfəkkür sünnilik xaricindəki digər islami məzhəb və cərəyanları kafir sayır”.

Şahin Cəfərli sonra bildirir: Azərbaycanda “bunlar bütün türk dünyasına sahib çıxır və böyük Turan qurmaq istəyirlər” düşüncəsi var idi. İndi azərbaycanlılar öyrənirlər ki, yox, bu siyasi komandada türklük və turançılıq amalı yoxdur, onlar hətta Türkiyədəki qeyri-sünni türklərə ikinci sort insan kimi baxırlar. Belə bir düşündə də var idi ki, “bunlar Türkiyəni çox inkişaf etdirdilər, gücləndirdilər, daxildə və xaricdə Türkiyəyə qarşı olan qüvvələrə qarşı uğurla mübarizə apardılar, CHP gəlsə, PKK-ya meydan açacaqdı, kürdlərə muxtariyyət verəcəkdi…” İndi azərbaycanlılar şahid olur ki, seçki kampaniyasında CHP və Kılıçdaroğlunu kürd məsələsi ilə bağlı nədə ittiham edirdilərsə, hamısını özləri icra etməyə başlayıblar. Ölkəni nəinki gücləndirməmiş, əksinə, hərtərəfli dərin böhran girdabına sürükləmiş AKP-MHP koalisiyasının səsləri artıq seçki qazanmağa yetmir, ona görə PKK lideri Öcalanla ittifaq yaradıblar, CHP-ni isə repressiv metodlarla zəiflətməyə çalışırlar.

Müəllifin fikrincə, Azərbaycanda Türkiyə siyasəti haqqında çox məhdud və olduqca səthi təsəvvürlər, məlumatlar var. Bir az dərindən oxuyub öyrənənlər bilir ki, soyuq müharibə dövründən bəri Türkiyədə islamçılığı və millətçiliyi ABŞ yönləndirib.

Məqalənin sonunda deyilir: Şah İsmayıl məsələsinə gələsi olsaq, Türkiyədə bu gün də ələvi (qızılbaş) əhaliyə qarşı örtülü diskriminasiya var. Bunlar Osmanlının çox ağır təqibləri altında, dağlara sığınaraq Anadoluda indiyə qədər türk mədəniyyətini qoruyub-yaşatmış insanlardır. Cümhuriyyət dövründə də ələvilərə qarşı təqiblər dayanmayıb və “dərin dövlət”ə bağlı ülkücü və islamçı qruplar tərəfindən onlara qarşı qırğınlar törədilib. Azərbaycanda isə hələ də MHP-yə və ülkücülərə simpatiya var, çünki onları yaxından tanımırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 9 =