Süveyda hadisələrindən sonra İsrail və HTŞ arasında danışıqlar bərpa olunub


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Ötən həftə Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən məzhəb zəmnindəki toqquşmalardan sonra İsrail ilə Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatı arasında təhlükəsizlik məsələləri üzrə dialoq yenidən başlayıb.
Sizinyol agentliyinin Səudiyyə Ərəbistanının “əl-Hades” kanalına istinadla bildirdiyinə görə, bu görüşlər Türkiyə və ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilir. İddialara əsasən, İsrail nümayəndə heyətinin yaxın günlərdə Azərbaycan paytaxtı Bakıya səfər edərək HTŞ ilə razılaşmaları yekunlaşdırması gözlənilir.
Hazırda İsrailin Suriya ərazisinə hava hücumlarını dayandıracağına dair heç bir öhdəlik götürmədiyi bildirilir. Bunun əvəzinə, sərhəd boyu silahsızlaşdırılmış zona yaradılması və 8 dekabrdan sonra hərbi nəzarətə alınan tampon bölgədə daimi İsrail varlığının təmin edilməsi tələbi irəli sürülüb.
HTŞ 2025-ci ilin sonunadək İsraillə barışa nail olmağı hədəflədiyini açıqlayıb. Təşkilatın tələblərin təzyiq xarakteri daşımasına baxmayaraq danışıqları davam etdirməkdə maraqlı olduğu vurğulanır.
Qeyd edək ki, İsrailin hücumlarından əvvəl də tərəflər arasında münaqişəyə son qoymaq məqsədilə “yüksək səviyyəli danışıqlar” aparılırdı. ABŞ-ın keçmiş prezident administrasiyası isə tərəfləri tam diplomatik normallaşmaya təşviq edirdi.
Bu proses, “Axios” xəbər portalının adını açıqlamadığı ABŞ rəsmilərinin Benyamin Netanyahunun siyasətinə qarşı məyusluğunu ifadə etməsindən sonra aktuallaşıb. Onlar İsrailin HTŞ-yə hücumlarının Vaşinqtonun sabitlik yaratmaq məqsədilə dəstəklədiyi qüvvələrə zərər vuracağına dair narahatlıqlarını dilə gətiriblər.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrack isə bazar ertəsi verdiyi bəyanatda İsrailin Suriyaya müdaxiləsinin yanlış vaxtda həyata keçirildiyini və regional sabitliyə zərər verə biləcəyini bildirib.