Tehran-Riyad əlaqələrinin genişlənməsinin dönməz yolu
Birinci vitse-prezident Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsinə müraciət edərək deyib: “Son aylarda iki ölkə arasında əlaqə və qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi üçün yeni yol açılıb ki, bu da dönməz bir yoldur.”
İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının sionist rejimin təcavüzünü pisləyən yekdillik mövzusuna dair fövqəladə iclasında iştirak etmək üçün Ər-Riyada səfər edən Birinci vitse-prezidentin bazar ertəsi axşam saatlarında Məhəmməd bin Salman ilə ikitərəfli görüşündə iki ölkə arasında yaxşı münasibətlərin dərinləşdirilməsi üçün görülən tədbirlər, işğalçı rejimin qəddar təcavüzünün dayandırılması, Fələstin və Livan xalqlarına yardımın göstərilməsi üçün həll yolları araşdırılıb.
Bu görüşdə Birinci vitse-prezident iclasa Ər-Riyadda ev sahibliyi etdiyi üçün Səudiyyə Ərəbistanına təşəkkür edərək deyib: “Son aylarda iki ölkə arasında əlaqə və qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi üçün yeni yol açılıb ki, bu da dönməz bir yoldur.”
Səmimi şəraitdə keçən bu görüşün davamında Arif Prezidentin salamlarını çatdırmaqla yanaşı, Səudiyyə Ərəbistanının Vəliəhdini İrana səfərə dəvət edib.
Birinci vitse-prezident əlavə edib: “Region ölkələri vahid və qətiyyətli mövqe tutaraq, koordinasiyalı tədbirlər görməklə Qəzzədə soyqırımın davam etməsinin və sionist rejimin bölgədə təcavüzünün genişlənməsinin qarşısını almalıdırlar.”
Məhəmməd Rza Arif sonra deyib: “İsrail və onun havadarları kimi düşmənlər İran və Ərəbistan arasında olan yaxşı münasibətdən narazı olub, buna mane olmağa çalışsalar da, biz bu əlaqəni iki ölkə xalqı, eləcə də region və İslam dünyası üçün vacib və zəruri hesab edirik, sıx və maksimum əməkdaşlığın inkişafını gözləyirik.”
Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman da ölkəmizin Birinci vitse-prezidentinin müdrik mövqelərini yüksək qiymətləndirib, İranın Xarici İşlər nazirinə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə danışıqlarda göstərdiyi səylərə görə təşəkkür edib.”
Məhəmməd bin Salman ikitərəfli əlaqələrin və əməkdaşlığın, xüsusən də iqtisadi və mədəni sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Regionda son bir ildə baş verən hadisələr heç vaxt iki ölkə arasında münasibətlərin inkişafına mane olmayıb və olmayacaq. Şübhə etmirəm ki, 2025-ci ilin sonuna qədər regionda bu iki böyük ölkə arasında münasibətlər ən yüksək səviyyədə olacaq.”