Tehran XİN: “İran nüvə sazişi ilə bağlı Vaşinqtonla danışıqlara hazırdır”
“İran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ ilə danışıqlar üçün diplomatik kanalları açıq saxlayır”.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bəyan edib.
O əlavə edib ki, Tehranla Vaşinqton arasında birbaşa olmayan danışıqlar artıq baş tutub və lazım olduqda təfərrüatı açıqlayacağı vədini verib.
Kənaninin sözlərinə görə, İranın 2024-cü ilin mayında həlak olmuş sabiq prezidenti İbrahim Rəisinin qoyduğu təməl sayəsində Tehran gələcək danışıqlar üçün yaxşı vəziyyətdədir.
“Seçilmiş hökumət bu nailiyyətlərə, xüsusilə də İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsələlərdə danışıqlara əsaslanacaq”, – deyə İran XİN-in nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, İranda prezident seçkisində Parlamentin keçmiş deputatı Məsud Pezeşkian qalib gəlib. O, yeganə islahatçı namizəd olub. Pezeşkian nüvə sazişinin bərpasının tərəfdarıdır və bildirir ki, İran Qərb ölkələri ilə dialoq qurmalı, həmçinin Tehranla Vaşinqton arasında münasibətlər yaranmalıdır.