Tehranda Dağlıq Qarabağ və müqavimət şəhidlərinin anım mərasimi keçirilib – Foto
Mərasimdə İranda yaşayan azərbaycanlılar, İran rəsmiləri və yüksəkrütbəli hərbçilər, o cümlədən, Tehranın imam cüməsi Ayətullah Siddiqi, parlament spikerinin xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian, İran parlamentinin deputatları, İslam İnqilabının Keşikçilər Korpsunun Qüds Qüvvələrinin komandir müavini general Məhəmməd Hicazi iştirak edib.
Mərasim çərçivəsində Qarabağda şəhid olmuş bütün azərbaycanlı gənclərin siyahısı və Ali Rəhbər Ayətullah Xameneinin Ermənistanın Azərabycanın işğal olunmuş torpaqları tərk etməsinin vacibliyi ilə bağlı çıxışı iştirakçılara nümayiş etdirilib.
Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi çıxış edib. İranın tanınmış məddahlarından Mehdi Rəsuli Qarabağ şəhidləri, eləcə də Azərbaycan və İran birliyi haqqında mərsiyə və şeirlər oxuyub.
Mərasimdə çıxış edən Tehranın imam cüməsi Ayətullah Siddiqi Qarabağ müharibəsində şəhid olanların xatirəsini yad edərək bildirib ki, onlar öz qorxmazlığı və fədakarlığı ilə Azərbaycana izzət bəxş etdilər.
“Şəhidin yolu heç vaxt unudulmur. Şəhidin qanı həmişə qaynayır və abadlıq yaradır. Azərbaycanda gənclər öz canlarından keçərək torpaqlarını azad etdilər. Bu Həm İmam Zamanı, həm onun naibini, həm də öz bəyanatları ilə Azərbaycana dəstək nümayiş etdirən İranın azərbaycanlılar yaşayan bölgələrinin imam cümələrini sevindirdi.” Ayətullah Siddiqi bildirib ki, bu gün İran sizin məmləkətdəki kimi sevinir, qəlblər birdir. Görürsünüz ki, bu gün burada sizin qələbəniz qeyd olunur. “Bu gün rəhbərimiz sizi rəsmi şəkildə dəstəklədi və bildirdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır. Ermənistan qəsb etdiyi torpaqları geri qaytarmalıdır. Bu gün bu qələbə yalnız Azərbaycanın qələbəsi deyil, həm də İslamın qələbəsidir.
Əhli-beyt (ə) aşiqləri və Azərbaycan şiələri bu gün başlarını dik tutaraq qələbəyə görə izzət hissi yaşayırlar və bu izzəti hamıya bəxş edən öz şəhidlərinə minnətdarlıq bildirirlər.”