Telekommunikasiya nəhəngi Rusiya bazarında fəaliyyətini dayandırır
Finlandiyanın “Nokia” telekommunikasiya şirkəti Rusiya bazarında fəaliyyətini dayandırdığını elan edib.
“Ukraynanın işğalının ilk günlərindən “Nokia”ya aydın idi ki, Rusiyada sonrakı mövcudluğu mümkün deyil. Son həftələrdə biz tədarükləri, yeni işləri dayandırdıq və məhdud elmi-tədqiqat fəaliyyətlərimizi Rusiyadan kənara keçirdik. İndi biz Rusiya bazarından çıxdığımızı elan edə bilərik. Bu proses boyu bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı olaraq qalır”, – deyə şirkətin açıqlamasında bildirilir.
“Nokia”, “Ericsson” və “Huawei” ilə birlikdə qlobal telekommunikasiya avadanlığı təchizatçıları üçlüyündən biridir. İndi Rusiyada bu şirkətlərdən yalnız “Huawei” qalır.
Oxu.az