Telman Adıgözəlovun anadan olmasından 70 il ötür

Telman Adıgözəlovun anadan olmasından 70 il ötür

Bu gün Azərbaycanın Xalq artisti Telman Adıgözəlovun anadan olmasından 70 il ötür.

Oxu.Az xatırladır ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda “Zəncirvuran”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında “Daşdəmir”, “Mahnı dağlarda qaldı” tamaşasında “Rəhman”, U.Şekspirin “Maqbet”ində “Flins”, M.İbrahimovun “Közərən ocaqlar”ında “Xanəhməd”, H.Cavidin “İblis”ində “Şeypurçu”, S.Vurğunun “Vaqif”ində “Təlxək”, S.Rəhmanın “Nişanlı qız”ında “Eynəkli kişi”, E.Baxışın “Qədr gecəsi”ndə “Oyunbaz”, Elçinin “Ah Paris…Paris!..” tamaşasında “Əhməd”, “Mənim sevimli dəlim”də “Professor”, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında “Qumarbaz” obrazlarını göstərmək olar.

İstedadlı aktyor AzTV-də hazırlanmış “Yaşıl eynəkli adam”, “Oradan-buradan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Aktyorun bir qızı, bir oğlu var.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + seven =