The Jerusalem Post: Orduda intiharlar və psixi sağlamlıq problemləri həyəcan yaradır

Ehtiyatda olan əsgərin cəsədinin evində tapıldığını bildirən “Jerusalem Post” qəzeti Qəzzadan qayıdan əsgərlər arasında intihar hallarının artdığını və orduda ciddi psixoloji problemlər yaşadığını bildirib.
“The Jerusalem Post” yazır ki , bazar günü gecə İsrail ordusunun ehtiyatda olan əsgərinin meyiti İsrailin cənubundakı evində tapılıb .
İsrail ordusunun sözçüsü bu gün hadisə ilə bağlı araşdırmaya başlanıldığını və bütün tapıntıların hərbi prokurorluğa göndəriləcəyini açıqlayıb. Sözügedən əsgərin əvvəllər ordunun baş ravvinliyində xidmət etdiyi və döyüşdə həlak olan əsgərlərin şəxsiyyətinin müəyyən edilməsinə cavabdeh olduğu bildirilir.
Hesabatda həmçinin qeyd olunub ki, son vaxtlar Qəzza zolağında xidmət etdikdən sonra intihar edən İsrail əsgərlərinin sayında “gözə çarpan artım” müşahidə olunur.
Təxminən iki həftə əvvəl Nahal Briqadasından bir əsgərin Qolan Təpələrindəki hərbi bazada intihar etdiyi, bu ayın əvvəlində isə başqa bir əsgər Daniel Edrinin böyüdüyü Safed şəhəri yaxınlığındakı Biriya meşəsində intihar etdiyi bildirilir.
Edrinin Livan və Qəzzada yaşadığı təcrübələrdən sonra zehni və emosional olaraq “ağır travma” ilə mübarizə apardığı, hadisələrdən qaynaqlanan mənzərələr, səslər və qoxularla mübarizə aparmaqda çətinlik çəkdiyi bildirilib.
İsrail ordusunun Ruh Sağlamlığı İdarəsinin rəisi, polkovnik doktor Yaakov Rotşild Walla xəbər saytına deyib ki, əsgərlər təkcə travma sonrası stress pozğunluğu ilə deyil, həm də yuxu pozğunluğu, diqqət çatışmazlığı, narahatlıq, əhval dəyişikliyi və iştahsızlıq kimi müxtəlif psixoloji problemlərlə mübarizə aparır.
Rotşild, ordunun ruh sağlamlığına yanaşmasında əhəmiyyətli bir dəyişikliyin olduğunu, xüsusilə də psixi sağlamlıq zabitlərinə (Kabanım) qarşı qərəzli münasibətin dağılmağa başladığını və keçmişdə tabu sayılan intihar mövzusunun indi açıq şəkildə müzakirə edildiyini vurğuladı.
Media Line xəbər saytı həmçinin İsraildə 7 oktyabrdan sonra əsgər intiharlarının və psixi sağlamlıq problemlərinin artdığını, müharibənin mülki həyata qayıtdıqdan sonra psixoloji çöküşə səbəb olduğunu və mövcud sistemin bu böhranı həll etmək üçün yetərli olmadığını bildirib.