Tramp Kanadanı işğalla hədələdi, ABŞ-nin 51-ci ştatı olacağını dedi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə hədələyib.
Barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, keçən həftə seçilmiş prezidentin Floridadakı iqamətgahında baş tutan danışıqlarda Tramp Trüdoya bildirib ki, andiçmə günü, 2025-ci il yanvarın 20-də Kanadaya idxal rüsumlarını tətbiq edəcək. Ottava qeyri-qanuni miqrantların Kanada sərhədindən ABŞ-a axınının qarşısını ala bilməsə və ticarət kəsirini azaltmasa, Kanada bütün mallarına görə 25% ödəyəcək. Bu, hazırda təxminən 100 milyard dollar təşkil edir.
Trüdo Amerika administrasiyasının gələcək rəhbərinə belə tədbirlərin Kanada iqtisadiyyatını öldürəcəyini deyib. Tramp isə bu halda Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. Telekanalın məlumatına görə, bu ifadə Kanadanın baş nazirinin əsəbi gülüşünə səbəb olub.
Toplantı iştirakçılarından biri zarafatla qeyd edib ki, hadisələrin bu cür inkişafı halında Kanada çox liberal bir dövlətə çevriləcək, Tramp ölkəni iki ştata bölməyi təklif edib, onlardan birində liberallar, ikincisində mühafizəkarlar ön planda olacaq. Bundan əlavə, ABŞ-ın seçilmiş prezidenti əlavə edib ki, Trüdo ABŞ-ın 51-ci ştatının qubernatoru ola bilər.