Tunis Xarici İşlər Nazirliyi Türkiyə səfirini çağırıb

Tunis Xarici İşlər Nazirliyi Türkiyə səfirini çağırıb

Tunis Xarici İşlər Nazirliyi Türkiyə səfirini Türkiyə Prezidentinin son müdaxiləçi ifadələrinə etiraz etmək üçün çağırıb.

Tunisin Xarici İşlər naziri Osman Əl-Cərəndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tunisin daxili işləri ilə bağlı son açıqlamalarını tənqid edərək bildirib ki, Tunis Xarici İşlər Nazirliyi bu sözlərə etiraz etmək üçün Ankaradakı səfiri çağırıb.

Əl-Qüdsul-Ərəbi-nin məlumatına görə, o, türkiyəli həmkarı Mövlud Çavuşoğluna Tunisin Ərdoğanın bəyanatlarını və Tunis Prezidenti Qeys Səidin ölkə parlamentini buraxmaq qərarını tənqid etməsini rədd etdiyini və qınadığını bildirib.

Əl-Cərəndi Twitter-də yazıb: “Türkiyə xarici işlər nazirinə zəng etdim, türk səfiri də çağırıldı və onlara bildirdim ki, Tunis Prezidenti Ərdoğanın bəyanatlarını rədd edir, bunu onun işlərinə qarışmaq hesab edir və iki ölkə arasında münasibətlər milli qərarın müstəqilliyinə  və seçimlərə hörmət əsasında qurulmalıdır. Tunis xalqı və ölkəmiz onun demokratik yolunun şübhə altına alınmasına imkan verməyəcək.”

Tunis Xarici İşlər Nazirliyi də Facebook-dakı paylaşımında Türkiyə Prezidentinin Tunislə bağlı söylədiyi fikirlərdən təəccübləndiyini ifadə edərək, bunu “daxili işlərə qəbuledilməz müdaxilə” adlandırıb və iki ölkənin qardaşlıq münasibətlərinə tamamilə zidd olduğunu bildirib.

Tunis Xarici İşlər Nazirliyinin cavabı Səid və Əl-Cərəndi arasında keçirilən görüşdən bir neçə saat sonra gəlib.

Ərdoğan Tunisdə seçilmiş parlamentin buraxılmasını bu ölkə xalqının iradəsinə zərbə kimi qiymətləndirib və açıqlamasında bildirib: “30 mart 2022-ci ildə Tunisdə plenar iclasını keçirən Nümayəndələr Palatasının buraxılmasından və bu iclasda iştirak edən nümayəndələrin dindirilməsinə başlanmasından təəssüflənirik.”

Ərdoğan, həmçinin, bu qərarın “Tunisdə demokratik legitimliyin bərqərar olması istiqamətində mövcud keçid mərhələsinə ziyan vuracağı”ndan narahatlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − six =