Türkiyə, İsrailə qarşı hazırlanan 6 maddəlik konkret tədbirlər planına imza atmadı.


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
2025-ci il 15–16 iyul tarixlərində Kolumbiyanın paytaxtı Bogotada keçirilən beynəlxalq toplantıda bir sıra ölkələr İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı konkret tədbirlər paketi hazırlayıb. Toplantıda Türkiyə xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunsa da, İsrailə qarşı irəli sürülən 6 maddəlik konkret fəaliyyət planına imza atmayıb.
Toplantıda 30-a yaxın ölkə İsrailin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanatı dəstəkləyib. Boliviya, Kolumbiya, Kuba, İndoneziya, İraq, Liviya, Malayziya, Namibiya, Nikaraqua, Oman, Saint Vincent və Grenadin adaları, həmçinin Cənubi Afrika Respublikası fəaliyyət planını dəstəkləyən ölkələr arasında yer alıb. Türkiyə isə bu siyahıya daxil olmayıb.
Tədbir planında nələr nəzərdə tutulurdu?
Middle East Eye portalının yaydığı məlumata əsasən, aşağıdakı tədbirlər planı qəbul edilib:
– İsrailə silah, sursat, hərbi yanacaq, müvafiq hərbi texnika və ikili istifadəli məhsulların tədarükünün və ötürülməsinin qarşısını almaq
– Bu məhsulları daşımaq riski olan gəmilərin limanlara daxil olması, tranzit keçidi və texniki xidmətinin məhdudlaşdırılması
– İştirakçı ölkələrin bayrağını daşıyan gəmilərlə bu kimi daşınmaların qarşısını almaq və qaydalara əməl edilmədiyi halda bayrağın geri alınması mexanizmini tətbiq etmək
– İsrailin işğalçılığını dəstəkləyən bütün dövlət qurumlarının bağladıqları müqavilələrin təcili olaraq yenidən nəzərdən keçirilməsi
– Beynəlxalq hüquq çərçivəsində məsuliyyətin təmin edilməsi və zərərçəkmişlərə qarşı ədalətin bərpa olunması üçün yerli və beynəlxalq səviyyədə müstəqil araşdırma və hüquqi prosedurların həyata keçirilməsi
– İşğal altındakı Fələstin torpaqlarında baş vermiş beynəlxalq cinayətlərlə bağlı, yerli qanunvericilik və məhkəmə orqanları vasitəsilə universal yurisdiksiya prinsipinin dəstəklənməsi
Francesca Albanese: “Bu ölkələr dünyaya nümunə oldu”
BMT-nin Fələstin üzrə Xüsusi Məruzəçisi Francesca Albanese konfransın bağlanış nitqində bildirib ki, bu tədbirlər sadəcə inzibati qərarlar deyil, uzun müddətdir acımasız hücumlara məruz qalan bir xalq üçün “ümid işığı” rolunu oynayır.
Albanese deyib:
“Bu 12 ölkə olduqca mühüm addım atdı. İndi Avropa, ərəb dünyası və digər dövlətlərin bu təşəbbüsə qoşulmasının vaxtıdır.”