Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı zəifləyib. Həkimlər təcili angioqrafiya aparıb və aşkar edilmiş trombu çıxarıblar, lakin sonradan xəstə Danimarka dilində danışmağa başlayıb. Agentliyin məlumatına görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.
“Beynimdə Danimarka dili var, amma türkcə heç nə deyə bilmərəm”, – kişi tərcüməçi vasitəsilə agentliyə açıqlamasında deyib.