Ucarda məmur bir kəndi susuz qoyub?-Video

Ucarda məmur bir kəndi susuz qoyub?-Video

Ucarda su ilə bağlı ciddi problem yaranıb.

Rayonun Xələc kənd sakinləri içməli və suvarma suyu ilə bağlı çıxılmaz vəziyyətdədir. Xələc kəndi suvarma və içməli suyu Zərdab rayonuna gedən kanaldan götürür. Kəndin yeganə su mənbəyi olan kanalın bağlanması səbəbindən sakinlər min bir əziyyətlə əkdikləri məhsullarını suvara bilmirlər.

Camaat deyir ki, yazın gəlişi ilə suvarma suyuna tələbatın artdığı bir vaxtda Zərdab rayonunun müvafiq qurumları kəndə zülm edir. Onların iddiasına görə, Zərdab Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov Xələc kəndinə verilən suyu xüsusi texnika vasitəsi ilə bağlayır.

Sakinlərin bildirir ki, Ucar Suvarma Sistemləri İdarəsinə müraciət etdikdən sonra texnika ilə kanal açılır. Su sahəyə çatmamış Əhliman Kərimov kəndə gələn suyu bağlayır.

Xələc kənd icra nümayəndəsi Azad Abdullayev məsələ ilə əlaqədar olaraq dəfələrlə Zərdab Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovla görüşüb söhbət etdiyini deyir. Sözü gedən qurumun rəhbəri ona kəndə su verə bilməyəcəyini deyib.

Zərdab Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovdan da iddialarla bağlı açıqlama aldıq. Əhliman Kərimov bildirdi ki, kəndin suyu bir müddətlik dayandırılıb. Onun sözlərinə görə, idarə tərəfindən kəndin tamamilə su ilə təmin olunması mümkün deyil, çünki Zərdab rayonu ərazisində də su ilə təmin edilməli olan xeyli sayda kənd var.

Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov məsələyə münasibət bildirərək qeyd etdi ki, hazırkı durumdan xəbərdardırlar. Zərdab rayonuna su Türyançay kanalı vasitəsi ilə ötürülür. Türyançaya isə su Göyçay çayından gəlir. Göyçay çayına isə su yağıntı hesabına toplanır. Göyçay çayında quraqlıq nəticəsində hazırda suyu səviyyəsi endiyi üçün Türyançaya su ancaq Zərdab rayonunun yerləşdirdiyi motorlar vasitəsi ilə çaydan ötürülür. Bu səbəbdən də Zərdab rayonun müvafiq qurumları Ucar ərazisinə gələn suyun qarşısını kəsir. Müşfiq Məmmədov onu da qeyd etdi ki, analoji vəziyyət Zərdab rayonunun Alıcanlı kəndində də yaşanır. Amma bütün bunlara baxmayaraq Ucar Suvarma Sistemləri İdarəsi Alıcanlı kəndini su ilə təmin edir.

Onun sözlərinə görə, Zərdab rayonun müvafiq qurumları ilə danışıqlar aparılır məsələnin həllinə çalışırlar.

Kəndin suyunun yeddibaşlı əjdaha tərəfindən yox, suya nəzarət edən qurumun rəhbərliyi tərəfindən kəsildiyini bilən sakinlər isə bu problemin aradan qaldırılacağı günü səbirsizliklə gözləyirlər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 5 =