Ukrayna ordusundan ruslara havadan SARSIDICI ZƏRBƏ
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.
“Ukrayna Silahlı Qüvvələri möhkəmlənməyə və ələ keçirilən müdafiə xətlərini saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına sarsıdıcı zərbələr endirməkdə davam edib. Ukrayna müdafiəçiləri gün ərzində Rusiya Federasiyası silahlı qüvvələrinin 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrinin Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləyişini qismən dayandırıblar və məhv ediblər. Düşmənin itkiləri dəqiqləşdirilir” – məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bombardmançı və hücum təyyarələri son sutka ərzində rusların hərbi texnikasının kolonlarına güclü zərbələr endirib.
Ukraynanın zenit-raket qüvvələri və qırıcı təyyarələri Rusiya ordusunun 14 hava hədəfini, o cümlədən 7 təyyarə, 1 helikopter, 3 pilotsuz uçuş aparatı (PUA) və 3 qanadlı raketini vurub.
Rusiya qoşunları insan resurslarını əhəmiyyətli dərəcədə tükəndirdiyindən (Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən bərpa olunmayan və sanitar itkilər, döyüş əməliyyatlarında iştirakdan və psixogen itkilərdən yayınmaq üçün özünü şikəst etmə halları), Rusiya Silahlı Qüvvələrinin komandanlığı kadr məsələlərində həddindən artıq tədbirlər görməyə məcburdur.
Xüsusilə, Rusiya Suriyadan qondarma könüllüləri, çağırışçıları və kursantları, habelə muzdluları cəlb edərək gizli səfərbərlik aparır.
Bəzi müvəqqəti işğal olunmuş ərazilərdə rus işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özləri üçün nümayişkaranə müsbət imic yaratmağa çalışırlar. Eyni zamanda, ruslar Ukraynayönümlü fəalları, dövlət qulluqçularını, işğala qarşı müqavimət təşkil edə biləcək digər vətəndaşları fəal şəkildə axtarır və həbs edir.
Baş Qərargahın məlumatına görə, ruslar itki verməkdə davam edir və bölmələrin təchizatında problemlər var.
Rusiya qoşunlarının şəxsi heyətinin aşağı mənəvi və psixoloji vəziyyəti Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi və fərarilik hallarının sayının artmasına səbəb olur.
Publika.az