Ukraynanın müqaviməti, Putinin yeni taktikası – TƏHLİL

Ukraynanın müqaviməti, Putinin yeni taktikası – TƏHLİL

Dünya siyasətinin mətninə redaktələr edilməsi strategiyasını yürüdənlərin beyinləri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin necə olacağına dair suallarla doludur.

Müharibənin yekununun hansı mənzərə yaradacağından asılı olmayaraq isə, Rusiya Prezidenti Vladimir Putinin bu nəticələri necə təqdim edəcəyi maraq doğurur.

Yəni, imperiya ənənələrini davam etdirən Rusiya dövlətinin qarşısında böyük bir dilemma dayanır: Bir tərəfdən ictimai rəyi iqtisadi böhranın dərin təsirlərini həzm etməyə inandırmaq məsuliyyəti, digər yandan isə hərb meydanındakı döyüşlərə və bəzi uğursuzluqlarda adekvat cavablardan uzaq mövqeni yedirtmək.

Axı Rusiya, xüsusilə də Vladimir Putinin prezidentliyi dövründə özünün qüdrətinə dair beynəlxalq imic formalaşdırmağa çalışıb və bu işə böyük sərmayə qoyub – əsasən də silahlara pul xərcləyib.

Qısası, Vladimir Putin Ukraynadakı gedişatlara özünü qalib kimi göstərməklə nöqtə qoymaq istəyir.

Ancaq Rusiya hər keçən gün Ukrayna qarşısındakı tələblərini ağırlaşdırır – tərəflərin XİN başçıları Sergey Lavrov və Dmitri Kulebanın Antalyadakı danışıqlarının nəticəsiz qalması da bunun əyani sübutudur.

Bu arada, Ukrayna mətbuatında Kremlin Kiyev qarşısında daha bir tələb qoymasına dair məlumat yayılıb – Moskva Ukraynada rus dilinin ikinci dövlət dili olmasına cəhdlər edir.

Ukraynanın özünümüdafiə refleksindən irəli gələn müqaviməti Rusiya hərbi-siyasi rəhbərliyinin sinir sistemini gərir, vəziyyətin qəlizləşməsi Rusiyanı daha da aqressivləşdirir.

Buna görə də, Rusiya yeni taktikaya müraciət edir, məsələn, Kiyevdən şimal-qərbdə, 64 kilometrdən çox uzanan Rusiya hərbi karvanının yerdəyişmə edərək ətraf əraziyə dağılması Ukrayna üçün yeni ağır döyüşlər olacağı anlamını verir.

Rusiya qoşunları meşəlik əraziyə səpələnib, bu o deməkdir ki, güclü artilleriya və raket zərbələrindən sonra meşəlik ərazilərdəki bölmələr hücuma keçəcək.

Rusiya taktiki hiyləyə əl atır, meşəlik ərazi Ukrayna ordusunun dəqiq zərbələr endirmək potensialını azaldır, çünki ən azından nəzərə almaq lazımdır ki, meşəlik sahədə mövqelənmə digər tərəf üçün müşahidə məhdudiyyəti yaradır.

Bununla belə, Ukrayna tərəfində də tələ taktikaları mövcud ola bilər, üstəgəl, Rusiya hərbçiləri meşəlik ərazidən çıxsalar belə, onları şəhər döyüşləri gözləyir ki, onların da belə hallar üçün uğurlu praktikası mövcud deyil – ən azından Ukrayna təcrübəsində.

Buna görə də, döyüş meydanındakı kursun nəticələri diplomatiyaya da təsir göstərəcək.  

Rusiya-Ukrayna müharibəsinin dinamikası tərəflərin danışıqlar zamanı əldə edəcəyi üstünlüyü və ya zəifliyi təmin edəcək.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =