Vücud dili bu zaman işə düşür

Vücud dili bu zaman işə düşür

Bu gün zikrlərdən danışmaq istəyirəm.

Ruhumuzun danışarkən istifadə etdiyi kəlmələrdən.

Vücudumuzun bizə çox da tanış olmayan ruh dili var və zikrlər bu dilə aiddirlər.

Biz ruhumuzun danışa bildiyini həyat və ölüm araslnda olarkən və yaxud bu kimi oxşar şəraitlərdə aşkar edə bilirik. Fiziki dilimiz fəal ola bilmədiyi zaman, bizim köməyimizə çata bilmədiyi zaman bu dil – vücud dili – işə düşə bilir.

Vücudumuzun dili işə düşə də bilir, düşməyə də. Bu, bizim ona təlatümsüz, sakit vaxtlarda danışmağı öyrədib-öyrətməməyimizdən asılıdır.

Öz ana dilində belə mükəmməl danışa bilmək üçün, insan öz üzərində çalışır. Söz toplayır, bu sözləri nitqinə düzür və onları işlədir, yoxlayır – görsün yaxşı danışırmı?

Bir yabançı dil öyrəndikdə daha çətin olur. Qulağın qavramadığı, dilin dönmədiyi sözlərlə məşq etmək məcburiyyətində qalır insan. Amma sonda səylər cavabsız qalmır və o, bu dillə (bu dildə) danışır. Vücudun dili də belədir. Onun da da öyrənəcəyi, məşq edəcəyi sözlər var. Bu sözlər – zikrlərdir.

Vücud dili və zikrlər barəsində bildiklərimiz budur ki, əvvəla, zikrlər ruha fiziki dil vasitəsi ilə ötürülür, yerləşdirilir. Ona görə də nə qədər ki, sözün/zikrin öyrənilməsi üçün lazım olan danışıq aparatı və bütün sistem (qulaq da daxil olmaqla) bizimlədir, ruhumuz bu sistemi tərk etməyib – gərək onu nemət və qənimət bilək və boş oturmayaq.

Zikrlərin deyilmə qaydasına nəzər saldıqda, görürük ki, onlar çoxlu sayda edilir. Bir zikri biz bəzən yüz, bəzən min və bəzən də daha çox sayda tələffüz edirik. O vaxta qədər ki, onlar bizim ruhumuzda təmərküz tapır və biz onlarla təvəccöh (diqqət) tapırıq.

İkincisi, zikrlər hər vaxt ruha öyrədilə bilər, amma xüsusi zaman kəsimləri var ki, (məsələn, mənəvi fürsətləri bol olan aylar), burada ruhun götürücülük qabiliyyəti hədsiz yüksəkdir, gərək bunu nəzərdən qaçırmayaq.

İndi 2 sual:

Neçə dəfə olub ki biz gündəlik həyatımzda mənəvi dalanlara dirənmişik və vücud dilimiz işə düşüb və bizə xatırlatma edib?

Neçə dəfə olub ki, röya aləmində düşdüyümüz bəladan qurtulmağa cəhd etmişik və vücud diliniz işə düşərək, bizə kömək edib?

Bir düşünək: dalana dirənmələr nə zaman baş verir? – Ruhumuz qarışanda.

Ruhumuzun daim stabil qalacağına bel bağlamaq düzgün olmazdı, çünki onun daşıyıcısı olan insan gün ərzində saysız-hesabsız məlumatlar və təhdidlər alır. Zamanla sel kimi axan təhdidlər bizi yerimizdən oynadır. Bizsə, yalnız Allahla bağlantı halında olanda və yaxud bu hala qayıdanda stabillik tapırıq.

Bu günlərdə (mübarək Şəban ayı günlərində) deyilən zikrlərdən biri çox dəyərli bilgilər ötürür bizə.

“Allahdan qeyri ilah yoxdur və Mən Ondan qeyrisinə ibadət etmirəm. Dində xalisəm, müşriklərin xoşuna gəlməsə belə”.

Bu zikr bizim vücudumuza nəyi deməyi öyrədir?

Bu zikr aydın və işıqlı bir xətt çəkir bir məsələnin ətrafında.

O, bildirir ki, Allahla olanlar və Allahla olmayanlar var. Yəni, 2 tərəf var.

Bunu zikr edən ruh, əgər sərgərdanlıq və iztirab içindədirsə, bu bilginin əldə etməsi hesabına sanki yuxudan oyanır. Aydın çəkilmış xəttin köməyi ilə o, bu tərəflərdən hansına aid olduğunu ləngimədən müəyyən edir.

Əgər ruh Allahla deyilsə, səhvini anlayır və Ona tərəf qayıdış etməli olduğu düşüncəsinə yiyələnir.

Bu an üçün lazım olan tövbə, mahiyyət etibari ilə hər zaman ruh üçün qurtuluş və yenilənmədir və canlanmadır. Ruh tövbə istəyir və tövbə edir.

Yox, əgər ruh artıq Allahla olduğunun fərqindədirsə, dərhal fərəhlənir. O, elə indicə xatırlamışdır ki, ən əsas, ən mühüm məsələnin, bu dünyada hər şeyin fövqündə duran məsələnin və hər kəsin edə bilmədiyi məsələnin — Allahla bir yerdə olmaq məsələsinin – öhdəsindən gəlmişdir.

Bu anda ruhun keçirdiyi şadyanalıq əvəzsizdir və bu şadyanalıq və sevinc hissi hər cür mənəvi qırılmanın dərmanı, əlacıdır.

Beləliklə deyə bilərik ki, zikrlərlə bağlı əsas məsələ – ilk növbədə onlarla tanış olmaqdlr. Daha sonra onların məşq edilərək ruha öyrədilməsidir ki, lazım olan anda ruh onlarla danışa bilsin və sahibini iztirab və çətinliklərdən azad etsin.

Ülviyyə Bədəl

deyerler.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + thirteen =