Vüsal Qasımlı: Xarici bazarların milli iqtisadiyyata təsirləri müsbətdir

Vüsal Qasımlı: Xarici bazarların milli iqtisadiyyata təsirləri müsbətdir

Dünya iqtisadiyyatında bərpa prosesi sürətlənsə də, borc problemi, maliyyə bazarlarında dalğalanmalar və inflyasiya kimi narahatlıqlar var: “Bank of America”nın sorğuları göstərir ki, investorlar bazarlarda 37 % təhdidi inflyasiyanın sürətlənməsindən və 33 % isə FED-in monetar siyasəti sərtləşdirməsindən sonra bazarlarda mümkün isterikada görürlər. FAO-nun Ərzaq Qiyməti İndeksi bu ilin mayında ötən illə müqayisədə 39,7 % yüksəkdir”.

 Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsirləri barədə anışarkən deyib.

Onun sözlərinə görə, ərzaq səbətini təşkil edən bitki yağı, taxıl, şəkər, ət və süd də dünya bazarlarında bahalaşır: “Enerji qiymətləri də yüksəlməkdə davam edir. Azərbaycanın ixracında enerji və ərzaq məhsulları üstünlük təşkil etdiyindən, bu məhsulların qiymətinin bahalaşması ixrac gəlirlərini artırır. Məsələn, bu ilin ilk dörd ayında müqayisəli qiymətlərlə Azərbaycanın ixracı 8,3 % azalsa da, faktiki qiymətlərlə 25,1 % artıb. Yəni bizim ixracın fiziki həcminin azalmasına rəğmən, ixrac məhsullarının bahalaşmasına görə dəyəri artıb. Eyni şəkildə qeyri-neft ixracı müqayisəli qiymətlərlə 10,7 %, amma faktiki qiymətlərlə 27 % artıb. Maraqlıdır ki, Azərbaycanın idxal etdiyi məhsulların da qiyməti bahalaşıb. Məsələn, biz bu ilin ilk dörd ayında 18,9 % az idxal etsək də, faktiki qiymətlərlə idxal 4,3 % artıb.

Hesablamalar göstərir ki, Azərbaycanda ixrac məhsulları, idxal məhsularına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir. Bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir”.

V.Qasımlı bildirib ki, illik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir: “Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artıb mayda 4,9 %-ə çatmaqla hədəf dəhlizində olub. Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 %-i səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir. Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata və yaxud büdcə xərclərinin 4 %-nə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti – manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.

Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 % artması və qeyri-nağd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır”.

O, hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır: “Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, SOFAZ-ın və SOCAR-ın gəlirlərini artırır. Dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır ki, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir”.

V.Qasımlı onu da bildirib ki, dünyada şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbətini ifadə edən Baffet əmsalı ən yüksək həddə çatıb və maliyyə “köpük”lərinin olmasını göstərir: “Səhmin qiymətinin mənfəətə olan nisbətini ifadə edən CAPE indeksinin yüksəlməsi də bazarlarda hərarətin artdığını bildirir. Bazarlarda potensial riski göstərən “qara qu quşu indeksi”nin yuxarı və volatilliyi ifadə edən “qorxu indeksi”nin (VİX) aşağıda qərar tutması ilə bu iki indeks arasında fərqin ən yüksək həddə çatması da narahatlıq doğurur. Belə vəziyyətdə Azərbaycan investorları da dünya maliyyə bazarlarında olan vəziyyətə uyğun portfellərini optimallaşdırmalıdırlar.”

Onun sözlərinə görə, bütövlükdə dünya iqtisadiyyatının bərpası onun ahəngdar hissəsi olan Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərir: “Əgər sual olsaydı ki, “indi iqtisadiyyat üçün baş rəqəmsal direktor (chief digital officer (CDO)) kimdir?” birmənalı cavab “koronavirus” olardı. COVİD-19 pandemiyası rəqəmsal transformasiyanı sürətləndirdi. Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır. Dünya iqtisadiyyatı üçün bir neçə trendi qeyd edə bilərik. Dünya iqtisadiyyatı məhsul və sahə əsaslı yanaşmadan müştəri və ya insan əsaslı yanaşmaya keçir. Yeni “norma”lardan biri də ondan ibarətdir ki, dövlətin rolu böhrandan əvvəlki həddə qayıtmayacaq və daha da güclənəcək. Virtual və real dünyanın yaxınlaşması, xidmətlərin rəqəmsallaşması, xüsusən təhsil və səhiyyə sahəsində dərin transformasiya proqnozlaşdırılır. Texnologiyanın ən əsas komponenti insan kapitalı əsas drayver rolunu qoruyacaqdır. Dövlət və biznes innovasiya mədəniyyətinə keçir. İnnovasiya mədəniyyətinin məğzi ondan ibarətdir ki, komandada hamıdan innovativ təklif gözləmək və səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Texno-kommunizm fəlsəfi-futuroloji konsepsiya olub eqalitar cəmiyyətə keçidi nəzərdə tutur və qəbul edilir ki, insanların istifadə etdiyi elmi və texnoloji nailiyyətlər bütün cəmiyyətə aiddir. Azərbaycan məhz post-covid arxitekturanı müəyyənləşdirən trendləri nəzərə almaqla Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər əsasında iqtisadi inkişafı təmin edə bilər.”

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + four =