WSJ: Rusiya Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar üçün husilərə peyk məlumatlarını ötürüb

WSJ: Rusiya Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar üçün husilərə peyk məlumatlarını ötürüb

Husilər Qırmızı dənizdə ticarət gəmilərinə dron və raket zərbələri endirmək üçün Rusiya peyklərinin məlumatlarından istifadə ediblər.

Bu barədə “The Wall Street Journal” (WSJ) Avropa müdafiə nazirliklərinin nümayəndələri də daxil olmaqla mənbələrə istinadən bildirib.

Nəşrin müsahiblərindən birinin sözlərinə görə, məlumatlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri vasitəsilə ötürülüb.

Mənbələr qeyd edib ki, Rusiya peyklərinin məlumatları husilərə “öz zərbələrinin miqyasını genişləndirməyə” kömək edib.

Moskva jurnalın məqaləsini şərh etməyib.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə kommersiya gəmilərinə raket və dronlarla hücumları İsrail və HƏMAS arasında müharibə başladıqdan sonra başlayıb. WSJ-nin hesablamalarına görə, ötən ilin noyabrından bəri husilər 100-dən çox gəmiyə həmlə edib, ikisini batırıb və birini ələ keçirib. Bu hücumlar dünya ticarətində ciddi pozuntulara səbəb olub, çünki gəmiçilik şirkətləri və daşıyıcılar öz gəmilərini digər marşrutlara yönəltməli olublar.

“Reuters” Qərb və regional mənbələrə istinadən xəbər verib ki, Rusiya İranın vasitəçiliyi ilə Yəmən husiləri ilə P-800 “Oniks” gəmi əleyhinə qanadlı raketlərin tədarükü ilə bağlı gizli danışıqlar aparır. Ekspertlərin sözlərinə görə, təxminən 300 kilometr mənzili olan bu raketlər husilərə Qırmızı dənizdə kommersiya gəmilərini daha dəqiq vurmağa, habelə ABŞ və Avropa hərbi gəmiləri üçün təhlükəni artırmağa imkan verəcək.

CNN-in məlumatına görə, Rusiya iyulun sonunda Yəmən husilərinə raket və hərbi texnika tədarük etməyə hazırlaşsa da, Səudiyyə Ərəbistanının xəbərdarlığından sonra son anda bu planlardan imtina edib. Kanal mənbələrinin sözlərinə görə, Moskva husilərin silahlandırılması və konsultasiyasını Bayden administrasiyasının Ukraynaya Amerika silahlarından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsi qərarına cavab olaraq qisas almaq üsulu kimi nəzərdən keçirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =