Xəstəxananın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranıb.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən ediləeək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.