Xaled Akaşe: İslamofobiya dinc yanaşı yaşama, bərabərlik və ədalətin təməllərini sarsıdır

Xaled Akaşe: İslamofobiya dinc yanaşı yaşama, bərabərlik və ədalətin təməllərini sarsıdır

Bütün dünyada xristianlar birləşməli və islamofobiyaya qarşı mübarizədə müsəlmanlarla çiyin-çiyinə durmalıdırlar.

“Report” xəbər verir ki, bunu Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasında dini münasibətlər komissiyasının keçmiş katibi Xaled Akaşe Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilən panel müzakirəsində bildirib.

X.Akaşenin sözlərinə görə, islamofobiya sadəcə bir dini qrupa qarşı ayrı-seçkilik deyil: “İslamofobiya fenomeni təkcə müsəlmanlara deyil, bütövlükdə bütün bəşəriyyətə aiddir. Bu, dinc yanaşı yaşamanın, bərabərliyin və ədalətin təməllərini sarsıdan təhdiddir”.

O vurğulayıb ki, ayrı-seçkilik təhsil və tibbi xidmətlərə çıxış da daxil olmaqla, həyatın ən vacib sahələrinə təsir edir.

“Təəssüf ki, müsəlmanların pulsuz tibbi yardım və təhsil almaq imkanları məhdudlaşdırılır. Din nifrət hədəfinə çevrildikdə, bütün cəmiyyət əziyyət çəkir”, – Vatikan nümayəndəsi əlavə edib.

O, həmçinin sülh dini kimi İslamı dini ritorika ilə pərdələnən radikal hərəkatlardan fərqləndirməyə çağırıb.

“Əgər məndən müsəlmanlardan qorxub-qorxmadığımı soruşsalar, cavabım birmənalı şəkildə “xeyr” olacaq. Onlar ən sülhsevər, dürüst və xeyirxah insanlardır. Mən insanları öldürən və başqalarına hörmət etməyən radikallardan qorxuram. Bir çoxları səhvən islamı radikalizmlə eyniləşdirir, lakin bu, qərəz və qorxunu bəsləyən yanlış fikirdir”, – o vurğulayıb.

X.Akaşe həmçinin bütün konfessiyaların dini liderlərinə müraciət edərək nifrət və dözümsüzlüyə qarşı mübarizədə fəal dinlərarası dialoq və birgə fəaliyyətə çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =