Xalqımızın hər bir nümayəndəsi qüdrətli dövlətimizlə qürur duyur və özünü xoşbəxt sayır – Səttar Möhbalıyev

Xalqımızın hər bir nümayəndəsi qüdrətli dövlətimizlə qürur duyur və özünü xoşbəxt sayır – Səttar Möhbalıyev

“Prezident İlham Əliyev nadir dünya liderlərindəndir ki, ölkə başçısı kimi xalqının qarşısında verdiyi bütün vədləri icra edib, götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirib. O, Prezident seçildiyi gündən işğal altında olan torpaqlarımızın azad olunacağını əminliklə deyirdi, bu yolda yoruldum demədən uzun müddət mücadilə etdi, bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, vədini sədaqətlə yerinə yetirdi. Dövlət başçısı həmçinin həmin ərazilərin yenidən qurulacağını, bərpa ediləcəyini də xalqına söz vermişdi. Mayın 28-də Ağdam rayonuna Prezidentin səfəri bir daha göstərdi ki, artıq işğaldan azad olunan ərazilərdə abadlıq işləri sürətlə gedir. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Koronavirus bütün dünyanı iflic etdi. Elə bir ölkə yoxdur ki, pandemiyanın fəsadları ilə üz-üzə qalmasın və fəsadlar bütün sahələri əhatə etdi. Azərbaycan isə pandemiya ilə uğurlu şəkildə mübarizə aparan lider ölkələrdəndir. Bu vəziyyətdə belə düşmən təxribatı ilə üzləşdik, dövlətimizin, təhlükəsizliyi naminə əks-hücum əməliyyatlarına başladıq və işğal altındakı torpaqlarımızı azad etdik. Ardınca nə baş verdi. Qısa müddət ərzində 30 il işğal altında olan ərazilərdə quruculuq işlərinə başladıq. Qeyd olunan məsələlərin hər birini təhlil etsək, görərik ki, bütün bunları həyata keçirmək qüdrətli dövlət, möhkəm hakimiyyət, güclü iqtisadiyyat, sarsılmaz birlik və güclü lider sayəsində mümkün olur. Biz belə bir möhtəşəm tarixi yaşayırıq və xalqımızın hər bir nümayəndəsi qüdrətli dövlətimizlə qürur duyur və özünü xoşbəxt sayır”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Prezidentin Ağdam şəhərinə səfərində bir daha şahid olduq ki, bütün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri düşünülmüş şəkildə, təsdiqlənmiş baş plana uyğun olaraq, öncədən sakinlərlə məsləhətləşdirilmiş və təsdiqlənmiş qaydada aparılır. Bu da ölkə başçısının sistemli, səliqəli işinin və xalqının rəyinə hörmətinin əlamətidir. Ağdamın Baş Planı ilə tanışlıq göstərdi ki, şəhərin infrastrukturu tamamilə bərpa olunacaq. İlk olaraq 140 illik tarixi olan müasir tələblərə uyğun tikiləcək 1 saylı məktəbin təməlinin qoyulması dövlət başçısının ölkə həyatında təhsili, elmi, biliyi xüsusi və önəmli sahə kimi qiymətləndirməsidir. Çünkü bütün uğurların kökündə dövrün tələblərinə uyğun təhsil almış peşəkar gənclər durur, bu da ölkəmizdə prioritet istiqamət təşkil edir. Həmçinin həmin ərazilərə qayıdacaq sakinlərin sosial vəziyyəti ən vacib məqamlardan biridir. Bunun üçün də iş yerlərinin olması əsas şərtdir. Bunu nəzərə alaraq Ağdam Sənaye Parkının tikintisi və böyük – 200 hektara yaxın ərazini əhatə etməsi orada yüzlərlə, gələcəkdə, bəlkə də, minlərlə insan işlə təmin edilməsindən xəbər verir. Yaxın gələcəkdə istifadəyə veriləcək Bərdə-Ağdam avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolunun tikintisinin nəzərdə tutulması insanların rahat gediş-gəlişinə şərait yaradacaq və rayonun sosial-iqtisadi inkişafına xidmət edəcək. İmarət kompleksinin bərpası, İşğal və Zəfər muzeylərinin yaradılması, şəhərin daxilində 125 hektarlıq böyük meşə zolağının salınması, həmçinin nəzərdə tutulan sünü göl, çəkiləcək kanallar, tikiləcək körpülər sakinlərlə yanaş, bura üz tutacaq turistlərin də ruhunu oxşayacaq. Bütün bunlar işğala məruz qalmayan qonşu rayonların da inkişafı üçün ərverişli olacaq və bütov bölgəni əhatə edəcək. Qeyd olunan bütün layihələr “ağıllı şəhər” konsepsiyası əsasında baş tutacaq”, – S.Möhbalıyev diqqətə çatdırıb.

S.Möhbalıyevin sözlərinə görə, artıq hər şey ortadadır: “Cənab Prezidentin dediyi kimi, biz bu əraziləri cənnətə çeviririk. Quruculuq işlərinə düşməni ərazilərdən qovduqdan dərhal sonra başladıq və sürətlə davam edir. Şuşa, Füzuli, Cəbrayıl və digər şəhərlərin Baş Planları üzərində fəal iş gedir. Yaxın gələcəkdə, həqiqətən də, biz xarabalıqdan cənnətə çevrilmiş bir diyar görəcəyik, oraya qayıdacaq sakinlər əbədi və xoşbəxt yaşayacaqlar. Amma ermənilər neylədilər!? 30 il sürmüş işğal dövründə orada heç bir quş damı belə tikmədilər, nə var idi dağıtdılar, oğurlayıb apardılar, əraziləri minaladılar, təbii sərvətləri görməmişcəsinə, kortəbii üsullarla istismar etdilər. Bütün bunlar ermənilərin vəhşi təbiətini ortaya qoyur və bütün dünyaya onların vandal xislətini nümayiş etdirir”.

“Bu uğurların təməlində güclü və müstəqil dövlət, onun rəhbərinin siyasi iradəsi, peşəkarlığı, əzmkarlığı, torpağına, Vətəninə, xalqına olan sevgisi dayanır. Biz məhz bu təməllər üzərində bugünkü güclü Azərbaycana nail olmuşuq ki, dövlətimiz artıq regionun lideridir. Ermənistanın işğal siyasəti isə onu bataqlığa çevirdi, dövlətçilik ənənələri olmadığı üçün bu illər ərzində müstəqil fəaliyyət göstərə bilmədilər, müstəqil qərar vermək qabiliyyətinə malik deyillər. Ona görə də hər addımda böyük dövlətlərdən yalvararaq kömək istəyirlər. Hətta onların öz sərhədlərini qorumaq cəsarətləri belə yoxdur. Ölkədə ciddi hakimiyyət böhranı yaşanır. Hakimiyyətin qolları arasında rabitə itib, biri-birinə paradoks bəyanatlar verirlər. Bütün bu mənzərə böyük gülüşə səbəb olan teatırı xatırladır”, – Konfederasiya sədri əlavə edib.

AHİK sədri həmçinin son günlər sərhəddə baş verən erməni təxribatına layiqli cavab verildiyini də qeyd edib: “Görünən odur ki, Ermənistan tərəfi təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə gərginlik yaratmağa çalışır. Prezident İlham Əliyev mayın 10-da Naxçıvanda, mayın 28-də isə Ağdamda səfərdə olarkən xalqımızın, dövlətimizin təhlükəsizliyinə Ermənistan tərəfindən zərrə qədər təhlükə olarmışsa dərhal cavab veriləcəyini bəyan etdi. İstər Naxçıvan istiqamətində, istərsə də Kəlbəcərdə onların cavabı layiqli şəkildə verildi. Onlar Azərbaycan Ordusunun gücünə bələddirlər”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 8 =