XİN-nin mətbuat katibi: Biz öz prinsipial mövqeimizdə sabitik və mütəmadi olaraq mövqeyimizi dəyişmirik

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vurğulayıb: “Regional hadisələrdə Amerika və İsrailin aşkar və gizli əllərini görməmək böyük səhvdir.”
İsmayıl Bəqai X sosial şəbəkəsində yazıb: “Regional proseslərdə Amerika və İsrailin aşkar və gizli əllərini görməmək böyük səhvdir. Aydındır ki, Türkiyə xarici işlər nazirinin dediyi kimi, “region bir ölkənin digərləri üzərində hökmranlıq etmək istəyən mədəniyyətindən azad edilməlidir; nə ərəblər, nə türklər, nə kürdlər, nə iranlılar; heç biri digərinə hakim olmağa çalışmamalı, narahatlığa səbəb olmamalı və ya təhdid etməməlidir”. Bəs İsrail?
Dəməşqin Türkiyənin dəstəklədiyi qüvvələrin əlinə keçməsindən bir neçə gün sonra İsrail Suriyanın hərbi və müdafiə obyektlərinə və infrastrukturuna, hətta elmi və tədqiqat mərkəzlərinə qarşı geniş hücumlar həyata keçirdi, onların doxsan faizindən çoxunu məhv etdi. Bundan əlavə, İsrail bütün Qolan təpələrini yenidən işğal etdi, işğalçılığını davam etdirməklə indiyədək Suriya ərazisinin böyük və mühüm hissələrini işğal edib. İsrail hazırda Suriyanın ən mühüm su ehtiyatlarına nəzarət edir və ölkənin ərazi bütövlüyünü və milli suverenliyini dəfələrlə pozur. Bunlar yanlış siyasətin Suriya, Fələstin xalqı və bütün region üçün əldə etdiyi nailiyyətlərdir.”
Bəqai daha sonra yazıb: “İran son 50 ildə heç bir regional ambisiya güdməyib. Bizim bütün qayğımız Fələstin xalqını və onun ideallarını işğal və təcavüzə qarşı mübarizədə dəstəkləmək və İsrailin bölgədə işğalçılığının qarşısını almaq olub. Bu gün Fələstin məsələsi həmişəkindən daha çox gündəmdədir və İsrailə hər zamankindən daha çox nifrət edilir. Əgər arxadan vurulan xəncər zərbələri olmasaydı, heç kim fələstinlilərin Qəzzədən məcburi köçkün edilməsindən və İordan çayının qərb sahilinin ilhaqından danışmağa cürət etməzdi.”
Mətbuat katibi qeyd edib: “İran İslam Respublikası həmişə müqaviməti dəstəkləmiş, eyni zamanda sadiqcəsinə qeyri-qanuni hərəkətlərlə və terrorizmlə mübarizə aparmışdır. Biz ilk ölkə olduq ki, milli qəhrəmanımız şəhid Süleymaninin əli ilə İŞİD və zorakı ekstremizmə qarşı mübarizə bayrağını qaldırdıq və onları bölgədə məğlub etdik. Biz ilk ölkə olduq ki, Türkiyə hökumətinə qarşı çevrilişin əleyhinə çıxdıq və çevrilişə qarşı mübarizə apardıq. Biz PKK-nın tərksilah edilməsini alqışlayan və bunu qonşu ölkə Türkiyədə təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım hesab edən ilk ölkələrdən olduq.”