XİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib

XİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib

Xarici İşlər Nazirliyi (XİN) rəhbərliyinin Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə video-konfrans formatında görüşü keçirilib.

XİN-in Mətbuat xidmətindan verilən məlumata görə, görüşdə həmçinin xarici işlər nazirinin müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər və nazirliyin struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, dövlətimizin milli maraqları əsaslanan çox vektorlu xarici siyasət fəaliyyəti, o cümlədən prioritet istiqamətlər və yeni çağırışlar, ikitərəfli və çoxtərəfli müstəvilərdə əlaqələrin inkişafından danışıb. Ötən il dünyanın üzləşdiyi yeni çağırışlara rəğmən ölkəmizin həyata keçirdiyi fəal xarici siyasət, qonşu dövlətlər prioritet təşkil etməklə, bütün dövlətlər ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dünya miqyasında irəli sürülən təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakımız və digər məsələlər üzrə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Xüsusi diqqət ötən ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatları və 6 həftə davam edən Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin bölgədə yaratdığı yeni reallıqlara və geosiyasi vəziyyətə ayrılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bölgədə sülh, təhlükəsizlik və tərəqqiyə xidmət etdiyi vurğulanıb. Azərbaycan, eləcə də bölgədəki vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə ardıcıl və səmərəli şəkildə çatdırılması sahəsində diplomatik nümayəndəliklərimizin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Video-konfrans zamanı diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə il ərzində keçiriləcək əsas tədbirlər, bir sıra inzibati və təşkilati xarakterli məsələlər, həmçinin kadr məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Mövcud yeni reallıqlar şəraitində xarici siyasət kursunun səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizin təklifləri dinlənilib.

Tədbir iştirakçıları tərəfindən məlumatlandırma və əlaqələndirmənin təmin olunması baxımından onlayn görüşlərin əhəmiyyəti qeyd olunub və bu kimi məsləhətləşmələrin gələcəkdə davam etdirilməsi üzrə razılıq ifadə olunub.

TREND

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 5 =