Xorvatiya Prezidentindən müsəlman liderlərə nümunə olacaq addım

Xorvatiya Prezidenti Zoran Milanoviç, Qəzzada davam edən hücumlar səbəbindən paytaxt Zaqrebdə rəsmi səfərdə olan İsrail rejiminin xarici işlər naziri Gideon Saar ilə görüşməkdən imtina edib. Prezident bu qərarını sosial şəbəkədə paylaşaraq açıqlayıb və hökumətini sərt şəkildə tənqid edib.
“İsrailin hücumlarını qəbul edə bilmərəm”
Milanoviç bildirib: “Əgər həmin hökumətin nümayəndəsi ilə görüşsəydim, bu, İsrailin Qəzzada həyata keçirdiyi zorakılıqları, etnik təmizləməni və müharibə cinayətlərini qəbul etmək demək olardı.”
Prezident həmçinin Saar-ın nə üçün Xorvatiyaya dəvət edildiyini sorğulayıb və Baş nazir Andrej Plenkoviç, xarici işlər naziri Qordan Qrliç Radman və parlament sədri Qordan Yandrokoviçin İsrailli nazir ilə görüşünü tənqid edib.
“Qəzzadakı hücumlar 90-cı illərlə müqayisə edilə bilməz”
Milanoviç, Qəzzadakı hücumları Xorvatiyanın 1990-cı illərdə yaşadığı müharibə ilə müqayisə edən hökumət nümayəndələrinə də sərt reaksiya göstərib:
“Xorvatiya o zaman yalnız özünü müdafiə edirdi. İsrail isə Qəzzaya vəhşicəsinə hücum edir, on minlərlə insanı qətlə yetirir.”
Fələstinlə bağlı çağırış
Prezident əlavə edib ki, Xorvatiya hökuməti Fələstin dövlətini tanımaq istiqamətində addımlar atmaq əvəzinə, İsrail rejiminin zorakılıq siyasətinə dəstək verir.
Zaqrebdə etiraz aksiyası
İsrail rejiminin naziri Saar, Baş nazir Plenkoviçlə görüşməzdən öncə Zaqreb küçələrində etirazlarla qarşılanıb. Aksiyada iştirak edən nümayişçilər Qəzzadakı hücumlara etiraz edib və Xorvatiya hökumətini sərt tənqid ediblər.