Yəmən dörd tərəfdən İsrailə hücum edir: İsrail obyektləri daim hədəfə alınır

Yəmən Silahlı Qüvvələri İsrailə qarşı dörd yeni hücuma keçdiklərini və Qəzzaya dəstək üçün hərbi əməliyyatlarının davam edəcəyini açıqlayıb.
Yəmən Silahlı Qüvvələri çərşənbə günü İsrailə qarşı dörd ayrı hərbi əməliyyat keçirdiklərini və Qəzzaya dəstək öhdəliklərinin bir hissəsi olaraq Qırmızı dəniz və Ərəb dənizində İsrail gəmilərinin dəniz blokadasının davam etdiyini təsdiqləyib.
Ordu sözçüsü briqada generalı Yəhya Seri, həyata keçirilən hücumlar arasında İsrailin Ben Qurion Hava Limanına Zülfiqar ballistik raketi ilə hücumun da olduğunu və üç əməliyyatın İsrailin cənubundakı Nəqab bölgəsindəki Umm ər-Rəşraş limanı və Ben Qurion hava limanına 4 pilotsuz uçuş aparatı (PUA) ilə vurularaq həyata keçirildiyini bildirib.
Seri açıqlamasında Yəmənin Fələstin xalqına qarşı dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəyini vurğulayaraq, İsrailin Qəzza zolağına hücumları bitənə və blokada aradan qaldırılana qədər hərbi əməliyyatların davam edəcəyini qeyd edib.
Bundan əlavə, Yəmən ordusu işğal olunmuş Fələstin limanlarında fəaliyyət göstərən bütün şirkətlərə bir daha xəbərdarlıq edərək, bu limanlara gedən gəmilərin hədəfə düşmə riski olduğunu xatırladıb.