Yəmən münaqişəsilə bağlı sülh danışıqları Qətərdə ola bilər
Husilər Yəmən münaqişəsilə bağlı növbəti sülh danışıqlarının Qətərdə keçirilməsini təklif ediblər.
Bu barədə Yəmənin “Ali Siyasi Şurası”nın üzvü Məhəmməd Əli əl-Husi rəsmi tvitter səhifəsində yazıb.
Əl-Husi bu paylaşımında Oman Sultanlığının apardığı vasitəçi addımlardan söz açıb və Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husinin vasitəçilərin təkliflərinə verilən cavablardan danışıb.
O bildirib ki, Ənsarulla hərəkatının Oman Sultanlığının nümayəndə heyətinə verdiyi təkliflər Qətərdə müzakirə edilə bilər.
Əl-Husi həmçinin Səudiyyə Ərəbistanı koalisiyasına üzv dövlətlərin rəhbərliyinin də bu danışıqlara qatılmasını təklif edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Səudiyyə Ərəbistanı koalisiyası ABŞ-ın logistik dəstəyilə Ənsarulla hərəkatının və “Milli Qurtuluş Hökuməti”nin nəzarətində olan 14 əyaləti hava, quru və sudan mühasirədə saxlamaqdadır.
Salamnews