Yəmən Silahlı Qüvvələri İsrailə qarşı İHA əməliyyatlarını uğurla başa çatdırdı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri işğalçı İsrailə qarşı həyata keçirilən dörd pilotsuz uçuş aparatı (PUA) əməliyyatının tam uğurla nəticələndiyini açıqlayıb.
Qüvvələrin rəsmi bəyanatında bildirilib ki, əməliyyatlar zamanı İsrail rejiminin ən kritik hərbi və iqtisadi obyektləri hədəfə alınıb. Məlumata görə, Tel-Əvivdə yerləşən işğalçı ordunun Baş Qərargah binası “Sammad-4” tipli PUA ilə vurulub. Bundan əlavə, Haderadakı elektrik stansiyası, işğal altındakı Lod (Ben Qurion) hava limanı və Aşdod limanı üç ayrı PUA zərbəsi ilə hədəfə alınıb.
Açıqlamada bütün hədəflərin dəqiq vurulduğu, əməliyyatların isə tam uğurla başa çatdırıldığı xüsusi vurğulanıb.
Yəmən Silahlı Qüvvələri həmçinin İsraillə əlaqəli “MSC ABY” adlı yük gəmisinin də Qırmızı dənizin şimalında iki PUA və bir qanadlı raketlə vurulduğunu bəyan edib. Məlumata görə, gəmi Fələstin limanlarına giriş qadağasını pozduğu üçün hədəfə alınaraq zərərsizləşdirilib.
Bəyanatda qeyd olunub:
“Biz Qəzzadakı qardaşlarımızın yanında olmağa davam edəcəyik. İsrailin hücumları dayandırılmayana, mühasirə tamamilə aradan qaldırılmayana qədər mübarizəmiz davam edəcək.”