Yəmən Xalq Konqresi Partiyası: ABŞ Yəməni işğal etməyə çalışır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Xalq Konqresi Partiyasının (Əli Abdullah Salehin zamanındakı iqtidar partiyası) baş katibinin müavini Cabir Abdullah Qalib, ölkəsinin xarici hücumlara məruz qaldığını və Səudiyyə hökumətinin Yəməndəki mülki insanları bombaladığını söyləyib.
O, Əl-Məyadin telekanalına verdiyi müsahibədə, Səudiyyə hökumətinin Yəməndəki cinayətlərinin əsla unudulmayacağını söyləyərək, belə əlavə edib: “Təcavüzkar ölkələr digərlərinin planlarını həyata keçirməkdədirlər və öz məqsədlərinə çatdıqlarını düşünürlər. Onlar Yəmənin özlərindən asılı olmasını istəyirlər, lakin heç bir yəmənli bunu qəbul etməyəcək.”
Yəmən Xalq Konqresi Partiyasının baş katibinin müavini həmçinin təcavüzkar ölkələrin Yəmən limanlarını və keçidlərini ələ keçirməklə xüsusi imtiyazlar qazanmağa çalışdıqlarını və ABŞ-ın Yəmənin taleyinə və strateji mövqelərinə hakim olmaq istədiyini söyləyib.