Yanacaq böhranı Qəzzada xəstəxanaları iflic edib

Qəzzada yanacaq böhranı dərinləşdikcə xəstəxanalar elektrik enerjisinin kəsilməsi və xidmətin dayandırılması ilə mübarizə aparır. Həyati əhəmiyyətli müalicələr pozulur və təcili yardım maşınlarının çatışmazlığı xəstələrin heyvan arabalarında daşınması deməkdir.
Fələstinin rəsmi xəbər agentliyi WAFA- ya danışan tibbi mənbələr Qəzza zolağında xəstələrin hər gün ölüm ayağında olduğunu və bunun İsrailin tətbiq etdiyi blokada çərçivəsində yanacağın ölkəyə girişinə məhdudiyyət qoyulması ilə əlaqədar olduğunu bildirib.
Yanacağın olmaması generatorların və təcili yardım maşınlarının işinə ciddi maneələr törədir.
Mənbələr xəstəxanaların ehtiyac duyduğu yanacaq miqdarının təmin oluna bilmədiyi üçün zərurətdən qənaət və məhdudiyyət siyasətinin həyata keçirildiyini bildirdi.
Bu çərçivədə bəzi xidmətlər üçün elektrik enerjisi kəsilir və böyrək dializi kimi həyati əhəmiyyətli xidmətlər təxirə salınır və ya dayandırılır.
Həmçinin bildirilib ki, təcili yardım maşınlarının sayı kifayət qədər olmadığından yaralı və xəstələr heyvan arabalarında daşınmalı olub.
Tibb mənbələri bu vəziyyətin səhiyyə işçilərini və xəstələri daimi təzyiq altında qoyaraq gündəlik “fəlakət idarəçiliyi” praktikasına çevrildiyini qeyd edib.