Yaxın Şərqə 10 ildir demokratiya gətirə bilməyən “Ərəb baharı” – Təhlil

Yaxın Şərqə 10 ildir demokratiya gətirə bilməyən “Ərəb baharı” – Təhlil

Hər şey 10 il əvvəl 2010-cu il dekabrın 17-də baş verdi. Belə ki, Tunisdə küçə satıcısı Məhəmməd Buəzizi bələdiyyə məmurunun təhqirinə etiraz olaraq özünü yandırdı. Tunisli gənc xəstəxanada bir neçə gündən sonra dünyasını dəyişsə də, ölkəsində genişmiqyaslı etirazlar başladı və nəticədə prezident Zeynəlabidin ibn Əli istefa verərək, ölkədən qaçmaq məcburiyyətində qaldı.

Üzdə demokratiya təəssüratı yaradan “Ərəb baharı” tezliklə Yaxın Şərq regionuna yayıldı. 2011-ci ilin yanvarında Tunis, fevralında Misir, Liviya, Bəhreyn, martda Suriya, Yəməndə vəziyyət qarışdı. Daha sonra hadisələr silahlı vətəndaş müharibələri və terror aktları ilə sona çatdı. İŞİD, “Ən-Nusra” və digər terror qruplaşmaları meydana çıxdı və Yaxın Şərqdə demokratiya əvəzinə müharibələr başladı.

“Ərəb baharı”nın başlmasından 10 il keçməsinə baxmyaraq, Yaxın Şərq sakinləri demokratiyanı ancaq xəyallarda arzulasa da, bu illər ərzində regionda milyonlarla insan evsiz qaldı, ölkələrin iqtisadiyyatları məhv oldu, işsizlik xroniki hal aldı, yoxsulluq pik həddə çatdı və hakimiyyət isə qurula bilmədi.

“Ərəb baharı” hansı ölkələrdə hakimiyyətləri dəyişdi?

“Ərəb baharı” nəticəsində Tunis. Misir. Liviya və Yəməndə hakimiyyət dəyişikliyi baş verdi. Adları qeyd olunan ölkələrdən yalnız Misirdə hakimiyyət yerini möhkəmləndirə bildi. İnqilab zamanı diktator Hüsnü Mübarəki devirərək, qanuni prezident seçilən Məhhməd Mursi sonradan təyin etdiyi müdafiə naziri Əbdülfəttah əs-Sisi tərəfndən devrildi. Məhəmməd Mursi isə xalq düşməni elan edildi ki, bu da onun həbs edilməsinə, daha sonar həyatını itirməsinə səbəb oldu.

Lideri qəddar formada devrilən və bir qrup əhali tərəfindən döyülərək, öldürülən ölkə məhz Liviya oldu. Demokratik prinsiplər Müəmmar Qəzzafinin vəhşicəsinə döyülərək, öldürülməsi ilə sonlandı. Bu işdə isə ən böyük pay sahibi təbii ki, ölkədə hərbi müdaxilə edən qərb ölkələri oldu.

“Ərəb baharı”nın “meyvə”si olan İŞİD

Yaxın Şərqdə əsdirilən demokratiya küləyinin ən çox təsir etdiyi, daha dəqiq desək, məqsədli şəkildə bu küləyin əsdirildiyi ölkə məhz Suriya oldu. Türkiyə, İran və İsrailin qonşuluğunda yerləşən Suriyada Bəşər Əsədin devrilməsi üçün suriyalı narazı kütləyə minlərlə muzdlu silahlılar dəstək verdi.

Maraqlıdır ki, bu muzdluların çoxu digər ölkələrin vətəndaşları idilər. Məqsədli şəkildə Suriyaya gətirilən, təlimatlandırılan, silahlandırılan və siyasi dəstəklənən bu müxalifət sonradan “İraq Şam İslam Dövləti” (İŞİD) adını almağa başladı. İŞİD Suriya və İraq ərazisində silah gücünə, vəhşiliklər və cinayətlər törədərək, ərazilər ələ keçirməyə müvəffəq oldu. Lakin İŞİD-ə qarşı İran, Ruisya və “Hizbullah” üçlüyünün birgə mübarizəsi məhz Qərb və ərəb dövlətləri tərəfindən dəstəklənən İŞİD-in sonda məğlubiyyəti və işğal etdiyi ərazilərdən qaçması ilə nəticələndi.

“Ərəb baharı” bəlli xəritə üzrə hərəkət etdi

“Ərəb baharı”nın baş verməsində və ölkələrə siraət etməsində əsas səbəblərdən biri də uzun illər hakimiyyətlərin dəyişməməsi, krallıq rejiminin hökm sürməsi idi. Lakin bu vəziyyətlərin hökm sürdüyü Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrdə demokratik prinsiplər nədənsə işə düşmədi.

Hər iki ölkənin narazı təbəqəsinə heç bir siyasi dəstək verilmədi. Bu ölkələrdəki idarəçilik sistemi, illərdir dəyişməyən hakimiyyətlər heç bir qərb ölkəsini narahat etmədi. Bu isitqamətdə onlara hər hansı təzyiq edilməsi də müşahidə olunmadı.

Əksinə Bəhreyndə sadə vətəndaşların apardığı mübarizəyə və hakimiyyəti dəyişmək istəklərinə Səudiyyə Ərəbistanı tərəfindən hərbi təzyiq göstərildi. Belə ki, ölkəyə daxil olan Səudiyyə qoşunları bəhreynlilərə atəş açdı, əhalinin haqlı etirazlarına müdaxilə etdi.

Baş verənlər onu göstərdi ki, “Ərəb baharı” əvvəlcədən məlum və cızılan xəritə əsasında yolunu dəyişir. Hansı ölkələrdə demokratik sıçrayış və etirazların baş verəcəyi əvvəlcədən dəqiqləşdirilir.

“Ərəb baharı” niyə demokratiyanı gətirə bilmədi?

Yaxın Şərqdə “Ərəb baharı”nın başlamasından 10 il müddət keçməsinə baxmayaraq, ərəb aləminə hələ də demokratiya gəlməyib. Ərəb ölkələrində hələ də vassal idarəçilik, kral göstərişləri və imperializm əlamətləri aydın sezilir. Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ isə İsrailə arxalanaraq, ərəb ölkələri üzərində hökmramlıq etməyə davam edirlər.

Hər iki ölkənin qərarlarına tabe olmayan Qətər məhz bu səbəbdən 2017-ci ildən sanksiyalara məruz qalıb. Müstəqil güc olmaq və doğru qərərlar qəbul etmək əzmində olan Qətər Səudiyyə-BƏƏ ittifaqına ilk etiraz edən ölkə olub. “Ərəb baharı”nın regiona demokratiya gətirə bilməməsinin əsas səbəblərindən biri də məhz Yaxın Şərqdə diktator prinsiplərinin lider ölkələrdə hökm sürməsidir.

“Ərəb baharı”nın baş verməsinə mətbuat, sosial şəbəkə, maliyyə, silah və digər dəstəkləri göstərən ABŞ və qərb ölkələri həqiqətən Yaxın Şərqdə demokratik prinsiplərin hökm sürməsində o qədərdə maraqlı deyillər. Bunu ABŞ-ın işğal etdiyi Əfqanıstan və İraqdan da görmək aydındır. Hər iki ölkəyə öz maraqlı üçün soxulan Birləşmiş Ştatlar uzun illər keçməsinə baxmyaraq, nə Əfqanıstan, nə də İraqa sabitlik, əminamanlıq və yüksək sosial rifah gətirib.

Bütün bunlar bizə deməyə əsas verir ki, “Ərəb baharı”nın kiçik oyunçuları olan sadə vətəndaşlar əslində demokratiya, sosial rifah və dəyişiklik üçün meydanlara və küçələrə çıxaraq, inqilablar gerçəkləşdirsə də, əslində böyük oyunçuların istəkərini yetirə yetirmiş olublar. Yaxın Şərqdə Qərbin görmək istəmədiyi hakimiyyətlər devrilir, təbi sərvətlər sovrulur, sabitliyin yaranmaması üçün vacib addımlar atılır.

Eastnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eleven =