Yayda zəhərə dönən qidalar: süd məhsulları, mayonezli salatlar və… – AÇIQLAMA
İsti havalarda tez-tez rast gəlinən sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. İnsanlar nə qədər diqqət etməyə çalışsalar da qida zəhərlənməsi xüsusilə yay fəslində daha tez-tez baş verir.
Maraqlıdır, görəsən, nə etməliyik ki, evdəki qidalar zəhərə çevrilməsin?
Məsələ ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yay fəslində hava temperaturu çox yüksək olduğu üçün qidaların saxlanma şəraitinə və bişirilməsinə diqqət etmək lazımdır.
Onun sözlərinə görə, xüsusilə ət və süd məhsullarına çox diqqət etmək lazımdır:
“Zəhərlənmə halları əsasən zülal tərkibli qidalardan qaynaqlanır. Həmin qidalar soyuducuda saxlanılmalıdır. Bu qidaların donu açıldıqdan sonra yalnız bir dəfə istifadə etmək lazımdır. Həmçinin mayonez və ya xama ilə hazırlanan salatları istifadə olunduqdan sonra mütləq soyuducuda saxlanılmalıdır. Otaq temperaturunda qalsa, belə bu qidaların tərkibində mikrobioloji çirklənmə baş verir. Əlbəttə ki, bu cür qidaların istehlakı qida zəhərlənmələrə səbəb olur. Bundan əlavə yay fəslində yarım fabrikat qidalara çox diqqət etməliyik. Çünki bu qidaların istehlakı insan orqanizmində immun sisteminin aşağı düşməsinə və həzm sisteminin pozulmasına səbəb olur. Çünki həmin məhsulların uzun müddət rəf ömrü olması üçün onlara kimyəvi maddələr vurulur. Bu da sözügedən qidaların yayda xarab olmasına səbəb olur”.
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, yay mövsümündə açıq havada, restoranlarda sifariş olunan qidalarda əsas diqqət edilməli məqam yeni bişirilmiş və qarışıq olmamasıdır:
“Əvvəlcə hazırlanmış salatlar və qidalar risk mənbəyidir”.
Lent.az