Yeni məhdudiyyətlər restoran və kafelərin fəaliyyətinə necə təsir edəcək?
Sentyabrın 1-dən koronavirusla bağlı qüvvəyə minən qadağalar ictimai iaşə obyektlərindən, o cümlədən kafe, restoran və digərlərinin xidmətlərindən istifadəni müvəqqəti azaldacaq.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Operativ Qərargahın avqustun 31-ə olan məlumatına əsasən Azərbaycanda ümumi peyvənd olunanların sayı 6 911 439 nəfər, onlardan hər iki dozanı vurduranların sayı isə 2 731 755 nəfərdir ki, bu da ümumi vaksin olunanların 40 faizə yaxınını, ümumi əhalinin isə təxminən 27 faizini təşkil edir:
“Bu o deməkdir ki, yerdə qalan əhali ictimai iaşə obyektlərinin, iri ticarət mərkəzlərinin xidmətlərindən hələki istifadə edə bilməyəcək.
Ancaq hazırda birinci doza peyvənd olunanlar növbəti bir ay ərzində iki doza peyvəndi də alacaq və həmin xidmətlərdən istifadə edə biləcəklər ki, bu da sektorda yenidən canlanmaya səbəb olacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində.
Baku.ws