Yunanıstanın son kralı vəfat etdi
Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü axşam “Newsbomb” portalı məlumat yayıb.
82 yaşlı keçmiş monarx Afinadakı evində olarkən kəskin insult keçirib və 7 gün ərzində paytaxtdakı “İgiya” xəstəxanasında reanimasiyada qalıb.
Xəstəxanada onunla birlikdə ailə üzvləri – həyat yoldaşı Anna-Mariya, uşaqları və bacısı olub.
Son illər keçmiş kralın səhhətində ciddi problemlər yaranıb. O, artıq keçmişdə insult keçirib və 2021-ci ilin dekabrında ona pnevmoniya və ağciyər ödemi diaqnozu qoyulub. O, eyni “İgiya” xəstəxanasında müalicə olunub. Sonra keçmiş monarx COVID-19 infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilib, eyni zamanda o, hərəkətlərindəki problemlərdən dolayı əlil arabasına düçar olmuşdu.
Qlüksburq sülaləsindən olan Yunanıstanın sonuncu kralı (1964-1974) II Konstantin 1940-cı il iyunun 2-də kral I Pavel və Hannoverli Frederikanın oğludur. O, hökm sürən sonuncu pravoslav monarxdır. Danimarka kralı IX Kristianın nəslindən olan Konstantin Danimarka şahzadəsi titulunu daşıyır. 1967-ci ildə Yunanıstanda sağçı “Qara polkovniklər” rejiminin bərqərar olması ilə Konstantin radio vasitəsilə xalqı üsyana çağıraraq onlara qarşı durmağa cəhd edib. Lakin o, dəstək almayıb, ölkəni tərk etmək məcburiyyətində qalıb və Romaya köçüb. 1973-cü ildə referendumdan sonra Yunanıstanda monarxiya ləğv edilərək respublika elan edilib. Hərbi diktatura devrildikdən sonra demokratik hökumət 1974-cü il dekabrın 8-də ikinci referendum keçirib və bu referendum xalqın monarxiyanı bərpa etməmək iradəsini təsdiq edib. Konstantin heç vaxt bu referendumları tanımayıb və heç vaxt rəsmi olaraq taxtdan əl çəkməyib. Buna baxmayaraq, həmin vaxtdan etibarən Qlüksburq monarxiyası öz mövcudluğunu dayandırıb.
2013-cü ilə qədər keçmiş kral öz ailəsi ilə birgə Londonda yaşayıb. 2013-cü ilin may ayında kral ailəsi daimi olaraq Yunanıstana, Spetses adasından 6 km məsafədə yerləşən Ermionida icmasındakı Portoheliona köçüb. Keçmiş monarx səhhətində ciddi problemlər olduğundan müalicə aldığı xəstəxanaya yaxın olmaq üçün son aylarda Afinada yaşayıb.
Publika.az