“Zəfərin izi ilə” Laçında

“Zəfərin izi ilə” Laçında

Yolumuz 28 ildən sonra erməni işğalından azad olmuş Laçın rayonunadır. Horadiz şəhərindən başlayan yolçuluğumuz Cəbrayıl rayonundan keçib, ordan Zəngilan və Qubadlıya gedirik. Hər üç rayonun bütün yaşayış məntəqələri ermənilərin 27-28 illik işğalı zamanı xarabalığa çevrilib. Bu səbəbdən kəndlərin hamısı bir-birinə oxşayır. Kəndlərin adı yazılan lövhələri oxumasaq, bilmək olmur hansı rayonun hansı kəndindəyik. Qubadlının Laçına tərəf son kəndinə – Xəndək kəndinə gəlib çatdıq. Qaranlıq düşüb, gecəni bu kənddə qalacağımızı deyirlər. Səbəb isə həftənin birinci günü olmasıdır. Məlum olur ki, Laçına getmək üçün həftənin ikinci günü olmalıdır. Çünki Laçın dəhlizindən həftənin tək günləri ermənilər, cüt günləri azərbaycanlılar istifadə edir. Soyuq adamın iliyinə işləyir. Qrupumuzda olan jurnalist həmkarlarımız ocaq qalamaq üçün hərəkətə keçir, kimisi rezin təkər, kimisi odun parçası tapıb ocaq qalayır. Kənddə ancaq Azərbaycan Ordusunun hərbçiləridir. Onlardan da qalmağa yer istəməyin heç yeri yoxdur. Əsgərlərimiz xarabalığa çevrilmiş kəndlərdə çətin vəziyyətdə hərbi xidmət aparır. Bununla belə, heç kim bu durumdan giley-güzar eləmir. Çünki Laçına ilk dəfə ayaq basan mülkü şəxslərdən biri olacağıq. Artıq səhər açılıb, amma dağlar bizə hələ günəşi görməyə imkan vermir. Yoğun səsli hərbçinin çağırışına hamı avtomobildən düşür. “Hazırlaşın, yola düşürük” komandası hamının üzünü güldürür. Maşın karvanımızın sayı gecə artıb. 10-dan artıq hərbi maşında Laçın rayonunun kəndlərində hərbi xidmət aparmaq üçün gedən hərbçilər də qoşulub bu karvana. Yola düşürük. Qubadlının Xəndək kəndindən çıxıb, Laçının Güləbirdinə daxil oluruq. Rusiya sülhməramlı qoşunlarının hərbi postuna çatırıq. Qrup rəhbəri yaxınlaşıb, keçəcək avtomobillər haqqında məlumat verir. Rus zabit 26-dan artıq maşının keçməyəcəyini deyir. Avtomobillər sayılır və sülhməramlıların 3 zirehli avtomobilinin biri öndə, biri ortada, biri isə ən axırda bizi dəhlizdən keçirmək üçün yola düşürük. Laçın şəhərinə daxil oluruq. Qarşımıza çıxan erməni maşınlarını sülhməramlıların zirehli texnikaları xəbərdarlıq edərək, yoldan kənara çıxarır, bizim yolumuzu açır. Laçın şəhərinin içindən keçdikcə 1992-ci ildə yandırılan və ya sökülüb daşınan evlər görünür. Salamat qalan evlərin qapı-pəncərəsini isə son günlərdə sökülüb aparıblar. Bir də hər 50-100 metrdən bir yol kənarında erməni xaçları qoyulub. Dəhliz başa çatır, artıq Azərbaycan Ordusunun nəzarətində olan kəndlərə giririk. Laçın rayonunun Malıbəy kəndində maşından düşüb, dağların təmiz havasını ciyərlərimizə çəkirik. Hər şeyi unutmuşuq – aclığı da, susuzluğu da, soyuğu da… Malıbəy kəndində taxta elektrik dirəklərinin mişarla kəsilməsi, dəmir dirəklərin sökülməsi, elektrik naqillərinin açılması, su borularının yerin altından çıxarılıb aparılması açıq-aydın görünür. Kəsilən ağaclara baxanda, üzümüzdəki təbəssümün yerini yenə üzüntü alır. Doğranan təkcə dağlarda, meşələrdə olan ağaclar deyilmiş. Minkənd çayının xüsusilə sağ sahilboyu uzanan bütün meşə zolağı doğranaraq daşınıb. Son günlər kəsildiyi də açıq-aşkar görünür. Kosalar kəndində dağların ətəyindəki monastır görünür. Burada evlərin sökülməsi, ağacların kəsilməsi nəticəsində baxanda uzaqlıqda olan 3-4 kənd sonra salamat qalmış bir tikili varsa, onu da görmək mümkündür. Maşına oturub monastıra tərəf yol alırıq. Laçın rayonunun Kosalar kəndindəki “Ağoğlan” monastırına…

Apa Tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + eighteen =