Zülmə dözmək səbir deyil, zillətdir
Mübarək dinimizin nəzərində səbir imanın ən əsas ünsürlərindən sayılır. İmam Cəfər Sadiq (ə) buyurur: “Səbrin imana nisbətdə mənziləti – başın bədənə olan mənzilətindədir. Və necə ki baş gedəndə bədən də gedər, o cür də səbir aradan gedəndə iman da aradan gedər”.
Əziz İmamımızın bu çox qiymətli hədisindən bir neçə mühüm cəhət ortalığa çıxır. Bu mühüm çalarlara toxunmazdan öncə İmam Səccaddan (ə) səbirlə bağlı olan önəmli buyuruşa yer vermək önəmlidir. Bu mübarək buyuruş öncə toxunduğumuz hədislə eyni hədəfi göstərir. İmam Səccad (ə) buyurur: “Səbrin imana nisbətdə durumu insanın başının onun bədəninə nisbətdə olan kimidir. Və o kəsin imanı yoxdur ki, onun səbri yoxdur”.
Bu iki hədisdən çox mühüm məsələ meydana çıxır. O da bundan ibarətdir ki, imanın əsasını təşkil edən məsələlərdən biri səbirdir. Səbir – insanın onun başına gələn zülmə dözməsi deyil. İnsanın haqqı aradan gedən zaman dözməsi səbir deyil. Bunlar İslam məntiqində səbir deyil. Bunlar adı qorxaqlıq və zillətdir.
Səbir etməyən kəsdə imandan əsər qalmaz
İslam məntiqində səbir Allah dərgahında üzərində düşən vəzifəni yerinə yetirdikdən sonra qarşılaşdığın çətinliklərə dözməkdir. İmam Hüseyn (ə) hərəkatı bunun ən bariz nümunəsidir. Əziz İmamımız (ə) Kərbəla çölündə vəzifəsini yerinə yetirir, zülmə tabe olmur, qılınclar altında doğram-doğram doğranır, amma səbir edir. İnsan öz vəzifəsini tanıyıb ona əməl edən zaman çoxsaylı çətinliklərlə qarşılaşa bilər. Zülmün özünə deyil, zülmlə mübarizədə qarşılaşılan ağrılara dözmək səbirdir. Əgər bu mənada insan səbir etməsə, o insanda imandan əsər-əlamət qalmaz. Necə səbri əldən verər, o cür də imanı aradan gedər. Bədən başsız qala bilmədiyini kimi, iman da səbirsiz qala bilməz.
Səbrin dərman olduğu xəstəliklər
Səbir – səadət qapılarının açarıdır. Səbirsiz səadətə çatmaq mümkün deyil. Səbir insanın məhvdən xilasının başlanğıcıdır. İnsan üçün bəla və imtahanları ən mükəmməl şəkildə asan edən yeganə yol səbirdir. Səbir bir cövhərdir ki, insanın əzm və iradəsini gücləndirər. Əziz İslam alimlərindən olan Hacı Nəsrəddin Tusi səbirlə bağlı çox gözəl bir kəlam buyurur: “Səbir – insanın daxili iztirab və narahatçılığının qarşısını alar. Səbir insanın dilinin şikayətinin qarşısını alar. Səbir insanın bədən üzvlərinin qeyri-adi hərəkətinin qarşısını alar”.
Əziz əxlaq ustadı buyurur ki, səbir insanın daxilində iztirabların yaranmasına imkan verməz. İnsanın həyatında, fəaliyyətində ən çox maneçilik yaradan iztirab səbir sayəsində dəf edilər. Səbir insan vücudunu normal vəziyyətindən çıxmağa qoymaz.
Səbirli kəslərə bütün məxluqat qibtə edər
Səmayət ibni Mehran deyir: “Bir gün İmam Kazım (ə) məndən soruşdu: ”Nə mane oldu sənin Həccə getməyinə?” Dedim: “Fəda olum sənə, mən ağır bir borcla üzləşdim. Və malımın hamısını satmalı oldum. Və borcum malımdan çox gəldi. Əgər dostlarımdan bir kişi olmasaydı ki, məni bu haldan çıxarsın, çıxmaq qüdrətim yox idi”. İmam Kazım (ə) buyurur: “Əgər səbir etsən, qibtə olunarsan. Əgər səbir etməsən, Allah-Təala təqdiratı onsuz da icra edər, istər bəyənsən də, istər bəyənməsən də”.
Yəni həyatda səbirsizlik etmək insana ancaq mane olur. Əgər bir insan qarşılaşdığı çətinliklərə səbir edərsə, bütün məxluqat ona qibtə edər.
İmam Sadiq (ə) səbirlə bağlı daha bir incə nöqtəyə toxunur. İmam (ə) buyurur: “Möminlərdən bir kəs bəla ilə üzləşsə və səbir etsə, onun üçün min şəhidin savabı var”.
Səbir nədir ki, insana min şəhidin savabını verər? Necə şəhidin qanı topluma yaşayış, dinamika verər, ölü qəlbləri dirildər, insanları ayıldar, elə də səbir həmin diri şəhidlikdir. Bir var insan fiziki şəhid olsun, bir də var ki, insan hər an o şəhid qədər üzərinə düşən vəzifələri icra etsin və qarşılaşdığı müsibətlərə dözsün. Belə bir insana bir deyil, min şəhidin savabı var.
İmam Cəfər Sadiqin (ə) bir başqa buyuruşunda da çox incə bir məqama işarə edir: “O vaxt ki, mömin qəbirə daxil olar, namaz onun sağında, zəkat onun solunda, onun yaxşılıq və ehsanları onu müşərrəf edər. Səbir isə bir tərəfə uzaqlaşar. O vaxt ki, möminə iki mələk yaxınlaşar, bu zaman səbir namaza, zəkata və insanın o yaxşılıq və ehsanlarına müraciət edər və deyər: ”Dostunuza yiyə durunuz. Bəs əgər siz acizsinizsə, çəkilin kənara, mən yiyə durum”.
Səbrin bu qədər böyük mənası və əcri var. Səbrin dəyəri o qədər böyükdür ki, namaz və zəkata belə bir müraciət edər.
Bəla qarşısında səbirli olan parlaq qəhrəmanlar
Üzərinə düşənləri icra edən zaman yaranan bəla və müsibətlərə səbirli olmağı simvolizə edən ən parlaq qəhrəmanlar Həzrət İbrahim (ə) və Həzrət İsmayıldır (ə). Həzrət İbrahim (ə) öz üzərinə düşən risaləti Babildə yerinə yetirir və Babildən hicrət edir.
Allahdan ilk istəyi – saleh bir övlad olur. Əziz İbrahim peyğəmbərimiz (ə) hicrətdən sonra Rəbbindən ona saleh bir övladın əta olunmasını istəyir. Qurani-Kərimin “əs-Səffat” surəsinin 100-cü ayəsində görürük ki, bu məsələlərlə bağlı yekunlaşma gedir və artıq 101-ci ayədə müjdə xəbəri verilir. Allah-Təala Həzrət İbrahim (ə) peyğəmbərə bəşarət verir ki, ona bir həlim övlad əta olunacaq. Ayədə buyurulur: “Beləliklə, Biz onu yeniyetmə və həlim bir oğlan uşağı ilə (İsmayıl) müjdələdik”.
Həmin ayədə Peyğəmbərə (ə) üç məsələ ilə bağlı müjdə verilir. Birinci məsələ budur ki, bəşarət verilir ki, Həzrət İsmayıl (ə) dünyaya gələcək. İkinci, bəşarət verilir ki, əta olunan uşaq yeniyetmə yaşına qədər çatacaq. Üçüncü müjdə verilən məsələ isə budur ki, həmin övlad yeniyetmə yaşına çatanda həlim olacaq. Quranın möcüzəliklərindən biri elə bundadır ki, bir cümlə ilə üç müjdə verir.
Həzrət İsmayılın (ə) səbirlilik işartıları
Təfsirlərdən aydın olur ki, göstərilən ayədə “həlim” sözü insanın hər şeyi öz vaxtında etməsi və genişqəlbli olması, öz hisslərinə qalib gəlməsi mənasındadır. Digər şərhlərdə bildirilir ki, həlim insan qəzəb halında öz həyəcanına sahib çıxan, qəzəb halında özünü idarə edən insandır. Həlimlilik əqldən mənşələndiyindən bəzi hallarda “həlim” və “əql” sözləri eyni mənada işlədilir.
Bir maraqlı məqam da ondan ibarətdir ki, “həlim” sözü Quranda on beş dəfə gəlib. Bunların əksəriyyəti Allahın özünə aiddir. İki dəfə isə bu söz Həzrət İbrahim (ə) və Həzrət İsmayılla (ə) bağlı işlədilib.
Allah-Təala Həzrət İbrahimi (ə) bir oğlan uşağı ilə müjdələməklə yanaşı, Allah-Təala onun “ğülam”, yəni yeniyetmə yaşına qədər çatacağı ilə də müjdələyir. Bir müddət keçdikdən sonra müjdə verilən həmin oğul dünyaya gəlir. Həzrət İsmayıl (ə) yeniyetmə yaşına çatır və həlim sifətinə malik olur. Həzrət İsmayılın (ə) o həlim sifəti özünü Həzrət İbrahimin (ə) o çətin imtahanında təzahür etdirəcək.
Həzrət İbrahimin (ə) imtahan səhnəsi
Bir zaman gəlib çatır ki, Həzrət İsmayıl (ə) Həzrət İbrahimin (ə) köməkçisinə çevrilir. Belə zamanda Həzrət İbrahim (ə) yuxuda Rəbbi tərəfindən bir əmr alır. Təfsirlər göstərir ki, Zilhiccə ayının 8-ci gününün gecəsində ilk dəfə bu əmr İbrahim peyğəmbərə (ə) gəlir. Bundan başqa, Ərəfə gününün gecəsində də bu əmri alır. Qurban bayramının gecəsində də bu əmr Peyğəmbərə (ə) gəlir. İndi Həzrət İbrahim (ə) bu xəbəri öz övladına çatdırmalıdır.
Ən böyük səbir səhnəsi buradan başlayır. Həzrət İbrahim (ə) çətin də olsa, üzərinə düşən vəzifəni yerinə yetirir. Ata öz övladına həqiqi durumu çatdırır. O cür ki, Qurani-Kərimdə buyurulur. Həzrət İbrahim (ə) oğluna deyir ki, övladım, mən yuxuda gördüm ki, gərək səni qurban kəsim, bax gör sənin fikrin nədir.
Burada çox ciddi incəliklər var. Biz görürük ki, Peyğəmbər (ə) illərlə arzusunda olduğu öz sevimli övladına həqiqəti necə imanla, necə səbirlə çatdırır.
Rəbbin əmrini icra etmək buyuruşu
Bundan sonra övladın imtahanı başlayır. Atasının cavabında övlad imanla və səbirlə buyurur: “Ey atacan, icra et o əmri ki, sən onu almısan”.
Təfsirlərdə qeyd edilir ki, Həzrət İsmayıl atasına onun başını kəsməsini deyil, Rəbbinin əmrini icra etməsini buyurur. Bundan sonra isə Həzrət İsmayıl səbirlə bağlı buyuruşunu dilə gətirir: “İnşallah, məni bu imtahanda səbir edənlərdən tapacaqsan”.
Necə ki, Həzrət İbrahim (ə) çətin imtahanını səbirlə verməyə hazırlaşır, eləcə də oğlu da bildirir ki, o da öz imtahanını belə verəcək. Əlbəttə, bir ataya öz övladını qurban vermək çətindir. Eləcə də təbii ki, Həzrət İsmayıla fiziki olaraq qurban kəsilmək çətindir. Amma Allaha xatir səbir onların bu çətinliyini asanlaşdırır.
Çətinliklərə dözmək müqabilində verilən savab
Bu mərhələdə həm ata, həm də övladı səbirli olmaq imtahanını ən kamil şəkildə verirlər. Bu hissədən sona yaxınlaşana qədər Qurani-Kərim hadisələrin necə cərəyan etməsinin şərhini vermir. Bu haqda müxtəlif nəzərlər var. Təfsirlərdə bildirilir ki, Həzrət İsmayıl (ə) onu möhkəm bağlamalarını istəyir ki, həmin hadisədə çapalamasın və bu zaman da savabı azalmasın. Bu da daha bir əzəmətli səbir səhnəsidir. Çətinliyə dözmək müqabilində verilən savab o dərəcədə çoxdur və eyni zamanda o dərəcədə qiymətlidir ki, Həzrət İsmayıl onun bir zərrəsini belə itirmək istəmir. Bundan əlavə xahiş edir ki, bıçaq iti olsun ki, həm ona, həm də atasına rahat olsun.
Təfsirlərdə o da qeyd edilir ki, Həzrət İsmayıl (ə) onun köynəyini çıxarmasını istəyir. Həzrət İsmayıl (ə) buyurur: “Qorxuram mənim köynəyim qanlı olanda anam qanlı köynəyimi görən zaman bu hadisəyə səbir edə bilməsin”.
Əziz İbrahim peyğəmbər (ə) anasının da səbirli olması üçün çalışır.
Allaha qovuşmaq şövqündən axan göz yaşları
Artıq o an yaxınlaşır. Həzrət İbrahim (ə) övladı Həzrət İsmayıl (ə) oğlunu bağrına basır, o üzündən, bu üzündən öpür. Bu an hər ikisi ağlayır. Təfsirlərdə qeyd edilir ki, həmin ağlamağın iki anlamı var. Birincisi budur ki, bu, insani hisslərdən doğan, təbii göz yaşlarıdır. İkincisi isə budur ki, onlar şövq halındadırlar. Ata öz övladını Allah ilə görüşə yola salır və bu şövqdən ağlayır. Övlad da Rəbbinə qovuşmaq şövqündən göz yaşları axıdır. Hər ikisi bəndəlik durumunu tam şəkildə təzahür edəndən sonra Həzrət İbrahim (ə) oğlunu torpağa qoyur. Təfsirlərdə bildirilir ki, başını kəsəndə atasının gözünün onun gözlərinə sataşmaması və ona çətin olmaması üçün Həzrət İsmayıl (ə) onun alnını torpağa qoymağı atasından xahiş edir. Həzrət İbrahim (ə) bıçağı oğlunun boynuna qoyur. Övlad artıq imtahanını verib qurtarıb, indi atanın imtahan anıdır. Həzrət İbrahim (ə) tam bəndəyə layiq olan bir halda bıçağı hərəkətə gətirir. Lakin Rəbbi bıçağa kəsməyə imkan vermir. Həzrət İbrahim (ə) tam əməli halda səbir edir və sınağını sona çatdırır. Nə qədər səy edirsə, bıçaq kəsmir. Belə bir səhnədə Rəbbi tərəfindən İbrahimə (ə) nida gəlir: “Ey İbrahim, sən sənə yuxuda verilən əmri həyata keçirtdin. Sən öz vəzifəni yerinə yetirdin. Biz beləcə möhsünlərə savab verərik. Bu həqiqətən açıq və aydın olan imtahan idi”.
Hər iki peyğəmbər (ə) səbirli olmaq imtahanından tam kamil şəkildə çıxır və Rəbbi tərəfindən mükafatla müjdələnir.
Allahım, bizlərə çətin imtahanlar və sınaqlar qarşısında səbirli olmaq ləyaqətini nəsib et! Allahım, bizlərə üzləşdiyimiz bəla və çətinliklər qarşısında yalnız Sənə sığınmağı əta et! Amin!