5 ay yaşıl meydanlardan uzaq qalan Arda ilə bağlı “Real”ın QƏRARI
“Real Madrid” klubunun üzvü Arda Gülər ötən günlərdə daha bir zədə alıb və klubda debütü bir qədər də gecikib.
“Kral klubu” gənc futbolçuya görə çox narahatdır. Madrid təmsilçisi Ardanın qayıdış tarixinə müdaxilə etmək istəmir. Klub hazırda nəyin yolunda getmədiyini aydınlaşdırmağa, bunun həllini tapmağa və Ardanı depressiyaya düşməkdən yayındırmağa çalışır.
“Real Madrid” klubu qərarını verib: futbolçu üzərində heç bir təzyiq yaradılmayacaq və Ardaya inam tamdır. Klub Arda Gülərin talantlı olduğuna əmindir, buna baxmayaraq futbolçunun bədəninin hələ də formalaşmalı olduğunu qəbul edirlər.
Ötən həftə “Rayo Valyekano”ya qarşı oyundan öncə komanda Ardanın zədəli olduğundan xəbərdar idi. Oyundan sonra baş məşqçi Karlo Ançelotti futbolçuya dəstək olub, ona bərpa prosesində tələsməməyi məsləhət görüb.
Qeyd edək ki, Arda Gülər son 5 ay ərzində futbol oyununa çıxmayıb. Türk ulduz sonuncu dəfə iyunun 11-də Türkiyə Kuboku finalında oynayıb.