ABŞ-ın Bakıya qarşı bitməyən qərəzi – “deportasiya” ittihamı, saxta rəylər və …

ABŞ-ın Bakıya qarşı bitməyən qərəzi – “deportasiya” ittihamı, saxta rəylər və …

Politoloqlar Amerikanın hikkəli davranışının arxasında dayanan ilginc səbəblərdən danışdılar;  “Ağ Ev birdəfəlik bilməlidir ki, Azərbaycanı özlərinin poliqonu görmək istəkləri reallaşmayacaq”

Ötən həftəsonu ABŞ-ın İrəvandakı səfiri Kristina Quinn Qarabağdan Ermənistana könüllü köç etmiş ermənilərin bir qrupu ilə görüşüb. Ancaq daha çox diqqət çəkən məqam səfirlikdən görüşün necə təqdim edilməsidir.

Sitat: “Dekabrın 15-də səfir Dağlıq Qarabağdan olan bir qrup gənclə onların üzləşdiyi çətinlikləri və Ermənistanda vətəndaş fəallığı vasitəsilə daha geniş inteqrasiya imkanlarını müzakirə etmək üçün görüşüb. Məcburi köçkünlərin (?! – red.) hüquqları təkcə qeyd olunan İnsan Hüquqları Günündə deyil, hər gün tanınmalı və qorunmalıdır”.

ABŞ rəsmiləri zaman-zaman Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasının vacibliyindən danışırlar. Ancaq əfsus ki, əməldə bunun təzahürünü görmürük. İrəvandakı səfirliyin mövcud olmayan “Dağlıq Qarabağ”, “məcburi köçkün” ifadələri işlətməsi bunun növbəti bariz sübutudur. Halbuki BMT missiyası da təsdiq edib ki, Azərbaycan tərəfdən hər hansı məcburiyyət, təzyiq, zorakılıq, etnik təmizləmə olmayıb. Əksinə. Məcburiyyət olubsa belə, bu keçmiş xunta rejiminə bağlı məsələdir. Mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə isə ərazi bütövlüyümüzü, suverenliyimizi rəsmən şübhə altına almaq, separatçı-revanşistlərin çörəyinə “yağ” sürtmək anlamına gəlir.

Yada salaq ki, 30 illik işğal dönəmində Bakıdakı Amerika səfirləri qaçqın-köçkünlərimizlə heç vaxt maraqlanmayıb, ABŞ Konqresi isə hər il didərgin soydaşlarımıza deyil, Qarabağdakı terrorçu xunta rejiminə maddi dəstək ayırıb.

Vəziyyətin absurdluğu həm də ondadır ki, ermənilər özləri Qarabağı könüllü tərk etdiklərini gizlətmirlər. Məsələn, keçən həftə uydurma “artsax respublikası”nın 150-dən çox “partiyası, ictimai təşkilatı, mediası və yerli özünüidarəetmə orqanlarının rəhbərləri”nin dünya ictimaiyyətinə ünvanladıqları cəfəng müraciətdə bu cümlələr yer alıb: “Bizim öz vətənimizi – “artsax respublikası”nı, evlərimizi, kilsələrimizi, əsrlər boyu qoruduğumuz əcdadlarımızın məzarlarını tərk etmək haqqında ümumi qərarımız bütün dünyaya sübutdur ki, “artsax” xalqı üçün azadlıq ən yüksək dəyərdir”.

“Ümumi qərar” ifadəsinə diqqət edin. Yəni özləri bu qərara gəliblər. Eyni zamanda müraciət müəlliflərinə görə, onlar “bu qərarı ona görə veriblər ki… öz vətənlərində ləyaqətlə yaşamaq və öz müqəddəratını təyin etmək hüququndan məhrum ediliblər”. Yəni hədəfləri Azərbaycandan torpaq qoparmaq olub, onlara ikinci erməni “dövləti” qurmağa imkan verilsəydi, qalacaqmışlar. 

Qarabağın ermənilər üçün necə, nə vaxt “çoxəsrlik vətən”ə çevrilməsinə gəlincə, bu da yaxın tarixdən amerikanlara yaxşı məlum olmalıdır: 200 il öncəki köçürmə, ərazimizin 20 faizinin işğalı, yerli sakinlərin – azərbaycanlıların öz yurd yerlərindən qovulması hesabına.    

Vaşinqtonun ölkəmizə qarşı qərəzi niyə bitmir? Qarabağdan ermənilərin qovduğu yerli azərbaycanlıların oraya qayıdışının vacibliyini bir dəfə olsun dilə gətirməyib indi erməniləri “məcburi köçkün” adlandırmaq, onların hüquqlarından danışmaq nə deməkdir? Xatırladaq ki, Birləşmiş Ştatların Bakıdakı səfiri azad edildikdən sonra hələ də Şuşaya getməyib. 

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, biz zaman-zaman Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın Ermənistanda olan səfirlərinin və yaxud digər diplomatlarının dilindən belə ədalətsiz, qərəzli və ikiüzlü yanaşmaların şahidi oluruq: “Hazırkı həssas və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığımız dönəmdə belə fikirlərin səsləndirilməsi prosesə ciddi şəkildə maneçilik törədir. Çox təəssüflər olsun özünü guya sülhün əldə olunmasının tərəfdarı kimi təqdim edən ABŞ-ın səfiri erməni separatçıları ilə bağlı fikirlər səsləndirir. Bu, Amerikanın prosesə qeyri-səmimi yanaşmasından xəbər verir. ABŞ Cənubi Qafqazda sülhün əldə olunmasını istəmədiyini bununla ortaya qoymuş olur. Biz bir müddət öncə də ABŞ dövlət katibinin müavini Ceyms O-Braynın Azərbaycana qarşı əsassız ittihamlarının şahidi olduq. Azərbaycan dövləti buna sərt reaksiya verdi. Azərbaycan qırmızı xəttimizi tapdalayan fikirlərə bir daha yol verilməməsi ilə bağlı tələb irəli sürdü. Amerika tərəfi bu yanlışını düzəltmək üçün dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev zəng edərək ondan bir sıra məsələlərlə bağlı rica etdi. Bundan sonra biz düşündük ki, xahişlər nəzərə alınsa, dövlətlərimiz arasında münasibətlərə də xələl gəlməz. ABŞ  Azərbaycanla münasibətləri qoruyub saxlamaqda maraqlıdırsa, diplomatları Azərbaycana qarşı əsassız fikirləri səsləndirməməlidir. Təəssüflər olsun ki, Ceyms O-Braynın Bakıya səfərinə razılıq verilməsi və səfərin reallaşmasından az sonra Ermənistandakı ABŞ səfirinin məlum fikirləri səsləndirməsi növbəti yanlışı ortaya qoyur. Bu, həmin səfirdir ki, bir müddət öncə köməkçisinin yanlış addımlarına görə Azərbaycan dövlətindən üzrhaqlıq edən və xahiş edən Entoni Blinkenə tabedir. Səfir dövlətinin mövqeyini ifadə etmirsə, o zaman ABŞ dövləti bu məsələ ilə bağlı bir fərqli mövqe ortaya qoymalıdır. Dövlətlərarası münasibətlər qeyri-ciddi yanaşma tərzlərinin zərbəsi altına düşməməlidir”. 

Ekspert qeyd etdi ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin hələ də Azərbaycanın qələbəsini qəbul edərək Şuşaya və digər azad olunan ərazilərimizə səfər etməməsi də suallar yaradır. Bu da bir daha Amerikanın yanlış mövqedə olmasından xəbər verir: “Əgər ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi prosesinə müsbət töhfə vermək istəyirsə, bu yanlışlarını düzəltməlidir, həmçinin 907-ci bədnam düzəlişi ləğv etməlidir. Lakin hələ ki ABŞ bu və digər yanlışlıqlarını düzəltmir. Əksinə diplomatlarının dili ilə yeni problemlər yaradır. Sanki ABŞ Azərbaycandan Azərbaycanın Ermənistan kimi dövlət olmasını istəyir. Lakin unudur ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən dövlətdir, Azərbaycan xarici qüvvələrin əlində alət olan dövlət deyil. ABŞ birdəfəlik bilməlidir ki, Azərbaycanı özlərinin poliqonu görmək istəkləri reallaşmayacaq. ABŞ “Dağlıq Qarabağ” ifadəsini yığışdırmalıdır. Bu ifadəni tez-tez dilə gətirməklə Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməyəcəklər. 30 ildən artıq erməni işğalında olan Qarabağdan zorla çıxarılmış yerli azərbaycanlıların öz torpaqlarına qayıtması hüququnu bir dəfə də olsun dilə gətirməyən ABŞ diplomatlarının Azərbaycana qarşı indi iddialar irəli sürmək haqqı yoxdur. Beynəlxalq hüquqa görə məcburi köçkün ölkə hüdudları çərçivəsində bir ərazidən başqa əraziyə köçmək məcburiyyətində qalan vətəndaşlara deyilir. Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilər əvvəla Azərbaycan vətəndaşı deyillər, onların Azərbaycan vətəndaşlığını təsdiq eləyən pasportları yoxdur, ikincisi, onlar Azərbaycan ərazisindən könüllü şəkildə çıxıblar və başqa ölkənin ərazisinə köçüblər. Ona görə də beynəlxalq hüquqa görə həmin insanları məcburi köçkün adlandırmaq hüquq pozuntusudur. Bu isə ABŞ tərəfindən prosesə qərəzli, ədalətsiz, qanunsuz, ikiüzlü yanaşmanın sübutudur. Nə qədər ki, ABŞ belə mövqedə olacaq, Azərbaycan dövləti ABŞ-ın hər hansı vasitəçiliyini səmimi qəbul etməyəcək, ona etimad göstərməyəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =