ABŞ İraqın silahlı qruplaşmasını və liderini terrorçu elan edib
ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən silahlı qruplaşma “Kətaib Seyid əş-Şühəda” və onun lideri Haşim Finyan Rəhim əs-Sərracı beynəlxalq terrorçular elan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Bu qərar Suriya və İraqda Amerika hərbçilərinin və bazalarının atəşə tutulmasından sonra verilib.
“Dövlət Departamenti bu gün “Kətaib Seyid əş-Şühəda” və onun baş katibi Haşim Finyan Rəhim əs-Sərracı xüsusi qlobal terrorçular kimi tanıyır”, – Blinken deyib.
Onun sözlərinə görə, bu qrupun fəaliyyəti İraq və Suriyadakı ABŞ hərbçilərinin, eləcə də “İslam Dövləti”nə qarşı koalisiyadakı müttəfiqlərinin həyatı üçün təhlükə yaradır.